Bərdə rayonunda müəllimənin zorla qaçırılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qızın Tural Zeynalov tərəfindən qaçırılması məlum olub. Bildirilir ki, T. Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.
O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış. Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.
Qeyd edək ki, qaçırılan qız Şəmkir rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir.
***
Bərdə rayonunda müəllimə zorla qaçırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.
Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.
Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.
Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.
Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Müzakirə qapadılmışdır.