Azərbaycanı bütün varlığı ilə sevən Yuri Yermakov vəfat edib

922

Azərbaycanın neft-kimya sənayesinə ağır itki üz verib. Sumqayıtın kimya sənayesinin qurucularından biri, respublikanın Fəxri neftçisi və Əməkdar səmərələşdiricisi, SSRİ ixtiraçısı, fərdi Prezident təqaüdçüsü Yuri Vladimiroviç Yermakov uzun sürən ağır xəstəlikdən sonra yaşadığı Sumqayıt şəhərində 98 yaşında vəfat etmişdir.

Ulu babaları da bir-neçə nəsil bakılı olan Yuri Vladimiroviç Yermakov 1923-cü ildə Bakıda dünyaya gəlmişdi. Babaları ömür boyu neftçi olmuş, ata-anası da neft sənayesində mühasib kimi çalışmışlar.

Bakıda 7-ci sinfi bitirdikdən sonra ailəsinə kömək üçün saatsaz peşəsinə yiyələnərək, “5 dekabr” Artelində işə başlayan Y.Yermakov 1941-ci ildə Hitler ordusu SSRİ-yə hücum edərkən yaşının çatmamasına və bir gözünün görməməsinə baxmayaraq, hərbi komissarlıqdan israrla özünün cəbhəyə, döyüşə göndərilməsini tələb edir.  Komissarla bir-neçə gün “çəkişmə”dən sonra istəyinə nail olur. Və çox keçmədən Sovet Ordusunun 2-ci Hərbi Hava-desant briqadasının 80-ci qvardiya atıcı polkunun desant qrupunun tərkibində ağır döyüşlərdə iştirak edir. Krım cəbhəsində, Krasnodar, Sevastopol və Novorossiysk istiqamətlərində düşmənə qarşı mərdliklə vuruşur, iki dəfə ağır yaralanır. Müharibə qurtaranda cəmi 22 yaşı olan döyüşçü Yuri Yermakov doğma Bakıya döşündəki I dərəcəli “Vətən müharibəsi”, “Qırmızı bayraq” ordenləri və medalları ilə qayıdır. 1952-ci ilə kimi yenidən “5 dekabr” Artelində saatsaz, dəqiq mexanizmlər üzrə usta kimi çalışır.

Bir gün dostlarından biri onu özünün bir-neçə ay əvvəl işə düzəldiyi, istehsalat korpusları yenicə tikilməkdə olan, ilk məhsul buraxılışına hazırlaşan Sumqayıt Sintetik Kauçuk zavodunda işləməyi təklif edir. Böyüyüb boya-başa çatdığı, dünyalarca sevdiyi Bakıdan ayrılmaq istəməyərək, dostunun təklifiylə qətiyyən razılaşmır. Lakin Yura barədə dostundan aldığı məlumat zavod rəhbərliyini “qızıl əlləri” olan gənc, bacarıqlı mütəxəssisi razı salmaq üçün Sumqayıtdan Bakıya getməyə məcbur edir. Çətinliklə də olsa, onu yeni yaradılmaqda olan zavodda işləməyə razı salmaq olur.

Səhərisi günü ilk dəfə olaraq Sumqayıta gələndə ordakı geniş quruculuq işlərini, tikinti meydançalarının “qaynayıb-coşduğunu” görərək, həvəslənir. Və onun üçün ən əsası o idi ki, ona çox məsul və sevdiyi bir iş – avtomatik cihaz və mexanizmlərin quraşdırılıb-sazlanması tapşırılır. Böyük bir həvəslə işə başlayan Yura iki-üç aydan sonra bir-neçə texnoloji xəttin işə salınmasında mühüm rol oynayır. Məhz onun bilik və bacarığı sayəsində bir-çox yeni qurğu və mexanizmlər vaxtından əvvəl, həm də uğurla işə salınır. Bu işdə onun tətbiq etdiyi mühüm səmərələşdirmə təkliflərinin də xüsusi əhəmiyyəti olur. Onun istedad və bacarığını, işə can yandırmasını görən zavod direktorunun göstərişi ilə Yura 4 aydan sonra Sumqayıtın mərkəzində, dəniz kənarına yaxın bir yerdə ikiotaqlı mənzillə təmin edilir. Və beləliklə “köklü-köməcli”, neçə nəsilcə bakılı olan Yura Yermakov çox keçmədən sumqayıtlı olur.

Cəmi 7 illik təhsili olmasına baxmayaraq, zavod rəhbərliyi çilingər kimi işə götürdüyü Yuranın dərəcəsini tez-tez artırır, yaxşı maaş verirdi. Çox keçmədən isə o, mexaniki sexin ustası, bir il sonra mexanik, növbəti ildə isə dəqiq mexanika şöbəsinin rəisi təyin edilir.

Texniki təhsilini artırmağa çalışan Yuri Yermakov 1961-ci ildə Gertsen adına Moskva Elmi-tədqiqat İnstitutu nəzdindəki nəzarət-ölçü cihazları üzrə xüsusi kursları bitirərək, dogma zavodda elm və texnikanın son nailiyyətlərinin tətbiq edilməsində daha fəal və səmərə ilə iştirak edir. Və onun rəhbərlik etdiyi nəzarət-ölçü cihazları sexi həmişə buraxılış obyektlərinin stabil işinin təmin olunmasında mühüm rol oynayır. Hətta bir müddət Rusiyanın analoji müəssisəsi olan Kuybışev Sintetik Kauçuk zavodu dəqiq mexanizmlər üzrə nadir mütəxəssis olan Yuri Yermakovun sorağını alıb, onu köməyə çağırmalı olmuşdu. İstehsalatın fəaliyyətindəki çatışmazlıqların aradan qaldırılmasında müstəsna xidmətinə görə o, minnətdarlıq əlaməti olaraq Kuybışev zavodunun Fəxri üzvü seçilmişdi. Sumqayıtın digər kimya müəssisələri də çətinliyə düşəndə hər dəfə məhz ona müraciət edirdilər. Bilirdilər ki, Y.Yermakov hansı işə qol qoydusa, orda problem dərhal aradan qalxacaq.

Təsadüfi deyil ki, 30 il Sumqayıt Sintetik Kauçuk zavodunda işlədikdən sonra təqaüdə çıxanda da ona rahatlıq verilməmişdi. O vaxtkı Ümumittifaq əhəmiyyətli, yüzlərlə alimin çalışdığı “Neftkimyaavtomat” Elmi-tədqiqat İnstitutu da onu bəzi xüsusi dəqiqlik tələb edən mexanizmlərin yaradılması işinə cəlb etmiş, iki il müddətində onun zəngin bilik və bacarığından istifadə etməli olmuşdu.

İstehsalata tətbiq edilmiş xeyli səmərələşdirmə təkliflərinin və SSRİ-nin nəinki kimya, hətta bütün sənayesində uğurla tətbiq edilmiş yeni elektrik qaynağı elementi ilə bağlı ixtirasına görə Yuri Yermakov 1974-cü ildə “SSRİ-nin ixtira və səmərələşdirmə əlaçısı”, üç il sonra isə “Azərbaycanın Əməkdar səmərələşdiricisi” fəxri adlarına layiq görülmüşdü. O, həmçinin “Qırmızı Əmək Bayrağı” ordeni və “Şərəfli əməyə görə” medalı ilə təltif edilmişdi.

2014-cü ildə ARDNŞ – “Azərikimya” rəhbərliyi tərəfindən fərdi Prezident təqaüdünə təqdim edilərək, bu yüksək mükafata layiq görülmüşdü.

Doğma Azərbaycanı bütün varlığı ilə sevən, onun tərəqqisi naminə hər zaman əzmlə, fədakarlıqla çalışmış vətənpərvər, zəhmətkeş insan Yuri Vladimiroviçin əziz, unudulmaz xatirəsi onu tanıyanların, bütün sumqayıtlıların, kimyaçıların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Bir qrup dostlar, müharibə və əmək veteranları adından:

Rəhman ORXAN

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər