AZƏRBAYCANIN ARTMAQDA OLAN İQTİSADİ GÜCÜ ÖLKƏMİZİN İQTİSADİ İNKİŞAF MODELİNİN OPTİMALLIĞININ GÖSTƏRİCİSİDİR

870

Covid-19 pandemiyasının mənfi təsiri və dünya səviyyəsində qlobal problemlərin yaratdığı çətinliklərin davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı ölkəmizin daxili gücünün hesabına dinamikliyini qısa müddət ərzində bərpa etməyə nail olmuşdur. Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizin iqtisadi göstəricilərinin müsbət olduğu qeyd olunmuş, ÜDM-in 6,8 %, qeyr-neft iqtisadiyyatımızın isə 10%-dən çox artım təşkil etdiyi bildirilmişdir. Bu nəticələr ölkəmizin iqtisadi inkişaf modelinin optimallığının əyani göstəricisi kimi də qiymətləndirilə bilər. Son illərdə milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, perspektivli iqtisadiyyat sahələri üzrə hədəflərin müəyyənləşdirilməsi və bu istiqamətlərdə qarşıda duran vəzifələrin icrasının intensiv fazaya keçməsi ölkəmizdə daxili imkanların və ehtiyatların səfərbər olunmasına, istehsal və maliyyə dövriyyəsinə cəlb edilməsinə münbit şərait yaratmışdır.
Dövlətimizin iqtisadi siyasətində vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, iqtisadiyyat sahələrinin imkanlarının üzə çıxarılmasına dair aparılan sistemli və ardıcıl işlər dövlətlə cəmiyyət, həm də hökumət strukturları ilə iqtisadi subyektlər arasında qarşılıqlı etimad mühiti yaratmışdır. İqtisadiyyatın neftqaz sektorundan asılılığının azaldılması üçün qeyri-neftqaz sahələrinin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılmış və xüsusilə qeyri-neft ixracının çeşidinin genişləndirilməsi, həcminin artırılması tədbirləri görülmüşdür. Baxılan dövr ərzində ölkə üzrə ixracımız iki dəfə artıb və ümumilikdə xarici ticarət dövriyyəmiz isə 60 %-dən çox yüksəlmişdir. Maraqlı və sevindiricidir ki, qeyri-neft ixracımız 45 % artmışdır, bu isə son illərdə məqsədli şəkildə aparılan iqtisadi, struktur və institusional islahatların məntiqi nəticəsi kimi baxıla bilər.
İqtisadi dinamikliyin təmin olunmasında, perspektivli iqtisadiyyat sahələrinin inkişaf etdirilməsində, istehsal infrastrukturunun müasir texnologiyalar, xüsusilə rəqəmsal mexanizmlər əsasında yenilənməsində, “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsində Azərbaycan ilk növbədə öz maliyyə resurslarına və daxili iqtisadi gücünə söykənir. Məhz bunun nəticəsidir ki, ölkəmiz reallaşdırılan prioritet layihələrin əksəriyyəti üzrə kənardan heç bir borc götürmür və iqtisadiyyatımızın inkişafı üçün tələb olunan maliyyə və investisiya resurslarını öz imkanları hesabına formalaşdırır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının dirçəldilməsi üçün intensiv işlər gedir və bu istiqamətlərdə iri layihələr reallaşdırılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 2021-2022-ci illərdə hər il 2,2 milyard manat vəsait ayrılmışdır. İşğaldan azad olunmuş ərazilərin tezliklə reabilitasiya olunması, vətəndaşlarımızın orada rahat və firavan yaşamaları üçün dövlətimiz tərəfindən konseptual yanaşmalar və konkret hədəflər müəyyənləşdirilmiş, tələb olunan tədbirlər planlı və nizamlı şəkildə həyata keçirilməkdədir. Azad edilmiş torpaqlardan səmərəli istifadə olunması məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılmışdır və bütün bunlar qlobal ərzaq təhlükəsizliyinin kəskinləşdiyi bir şəraitdə, ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır. Xüsusilə, ərzaqlıq buğda üzrə özünütəminat səviyyəsinin artırılması istiqamətində dövlət dəstəyi mexanizmləri yenilənməkdə və gücləndirilməkdədir.
Qlobal təhdidlərin artdığı bir dövrdə ölkəmizin iqtisadiyyatı öz daxili resurslarına əsaslanaraq yeni inkişaf mərhələsinə keçməkdədir və postpandemiya postulatları, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi drayverləri nəzərə alınmaqla, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının daha da güclənəcəyini və ölkəmizin iqtisadi qüdrətinin artacağını əminliklə proqnozlaşdırmaq olar.

Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı
və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər