1993-cü il iyun ayının 15-də hakimiyyətə gəldiyi gündən başlayaraq Heydər Əliyev siyasətin əsas məsələlərindən biri kimi dünyanın inkişaf etmiş dövlətləri və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi bir vəzifə kimi qarşısına məqsəd qoydu.
Heydər Əliyev ölkəmizin gələcək xarici siyasətinin formalaşdırılması ilə əlaqədar qarşıya duran vəzifələr barədə məlumat verərkən demişdir: “ Xarici siyasətimiz sülhsevərdir. Azərbaycanın daha geniş tanınmasına xidmət edir. Xarici siyasət ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı sürətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.”
Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılması əsas vəzifələrdən biri hesab olunurdu. Çünki bu münasibətlərin əsasını dövlətlərarası qarşılıqlı siyasi və diplomatik əlaqələr təşkil edirdi. Bununla yanaşı, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi-mədəni və hümanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəy formalaşmasına əsaslı təsir göstərmək baxımından böyük əhəmiyyət kəsb edir. Məhz buna görə dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlər sisteminə inteqrasiyası prioritet vəzifələrdən birini təşkil edirdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünya miqyasıpnda tanıtmaq, ölkəmizin milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin, incəsənətimizin, geniş miqyasda təbliği üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi, mötəbər qurumlara üzv olmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Ulu öndərin fəaliyyəti sayəsində bu əlaqələr getdikcə genişlənir və möhkəmlənirdi. BMT, ATƏT, NATO və 55 müsəlman dövlətini öz sıralarında birıəşdirən islam konfransı Təşkilatı kimi qurumlarala əməkdaşlıq keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdu. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti yaranmış münaqişənin sülh yolu ilə nizamlanması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmaq üçün beynəlxalq təşkilatların rolundan yararlanmağa böyük üstünkük verirdi. Bu mənada BMT,ATƏT, İslam konfransı Təşkilatı ilə yanaşı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Paralamentlərarası İttifaq, NATO və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yarandı.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanıb. Bu da Heydər Əliyevin uzaqgörən siyasətinin, müdirikliyinin nəticəsi idi. Həmin dövürdə Azərbaycan haqqında dünyada bir o qədər də təsəvvür yox idi. Respublikamız haqqında yalnız mənfi rəy formalaşmışdı. Belə gərgin bir şəraitdə ulu öndər Heydər Əliyevin dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq olması çox böyük siyasi hadisə idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində ictimai-siyasi sabitliyin bərqərar olunması, həm də müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiya etməsində müstəsna rol oynayırdı. Heydər Əliyevin vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər hələ də yazacaqlar.
Əmirxan İsayev, Sumqayıt Dövlət Universitetinin dosenti, Karyera Mərkəzinin müdiri