Azərbaycanın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

509

Enerjiyə olan daxili tələbatını öz resursları ilə ödəyən Azərbaycan qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir. Son illər Azərbaycanda elektrik enerjisi sənayesi çox sürətlə və uğurla inkişaf edir. Son 20 ildə Azərbaycanda generasiya gücü təxminən 3400 meqavat olan 34 elektrik stansiyası tikilib. Hazırda Azərbaycanda ümumi generasiya gücümüz 7200 meqavatdır ki, bunun da 3400 meqavatı son 20 ildə yaradılıb. Azad edilmiş ərazilərimizdə də öncə elektrik enerjisi sənayesi sahəsində bərpa işlərinə başlanılıb. Ötən dövr ərzində burada 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası tikilib.

İki il ərzində Azərbaycan Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradıb və bu ilin sonuna qədər bu rəqəm 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki,  o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

Fevralın 13-də “Gülüstan” sarayında 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasimi, şübhəsiz ki, Azərbaycanın müasir tarixində mühüm hadisə oldu. Bu, ölkəmizin enerji tələbatının ən yüksək səviyyədə ödənilməsinə və ixrac potensialının genişləndirilməsinə böyük töhfə verəcək. Həmçinin ekspertlərin fikrincə, İstilik Elektrik Stansiyası istismara verildikdən sonra bir milyard kubmetrə yaxın mavi qaza qənaət ediləcək. Təbii ki, bu, ölkəmizin mavi qaz ixracını artıracaq və ölkə iqtisadiyyatına mühüm töhfə verəcək. Həmçinin stansiyanın tikintisi yeni iş yerlərinin açılmasına, o cümlədən Mingəçevirdə əhalinin məşğulluğunun artmasına, şəhərin sosial-iqtisadi inkişafına səbəb olacaq.

Rəsmi mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi: “Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin”.

2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesinin başlanmasına diqqət çəkən dövlətimizin başçısı qeyd etdi ki, 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiyaöz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi.

Prezident İlham Əliyev Mingəçevir Elektrik Stansiyasının İkinci Qarabağ müharibəsindəki önəminə də toxundu. Bildirdi ki, döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.

Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhərlərindəndir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün  ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Bununla da ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq.

Xarici tərəfdaşlarla birlikdə inşa ediləcək stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

Beləliklə, layihə Azərbaycanın avropalı tərəfdaşlara əlavə həcmdə qaz ixrac etməklə əlavə gəlir əldə etməsinə və özünün etibarlı qaz ixracatçısı imicini gücləndirməyə imkan verəcək.

 Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər