Böyük Qarabağ zəfərindən az bir müddət keçmişdir və bütün dünyada bu proseslərin müzakirəsi hələ də davam etməkdədir. Dünya ekspertləri, siyasətçilər, ictimai xadimlər müasir zəmanəmizdə müharibələrin, vətəndaş qarşıdurmalarının, terror aktlarının yaranma səbəblərinə, işğal siyasətinə, bu məsələlərdə dövlətlərin məsuliyyətinə dair müxtəlif fikirlər bildirməkdədirlər.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Ölkəmizə Ermənistan Respublikasının hərbi təcavüzündən qalan nəticələrin əhatəsini və həcmini daha əyani təsəvvür etmək, qiymətləndirmək üçün bir sıra faktlara diqqət yönəltmək istərdik. Hərbi təcavüz nəticəsində 20 min vətəndaşımız həlak olmuş, 50 min əlil olmuş və 4 mindən çox soydaşımız itkin düşmüşdür, həmçinin 6 mindən çox vətəndaşımız itkin düşmüş, əsir və girov düşmüşdür. 900 yaşayış məntəqələrimiz, 150 min evlər, 7 min ictimai binalar, 693 məktəb 695 tibb müəssisəsi, 855 uşaq baxçası, 6 min sənaye və kənd təsərrüfatı müəssisələri yerlə yeksan edilmişdir. 2670 km avtomobil yolları, 160 körpü, 2,3 min km su xəttləri, 2 min km qaz kommunikasiyaları, 15 min km elektrik xəttləri, 280 min hektar meşələr, 1 mln. hektara yaxın kənd təsərrüfatı üçün yararlı torpaqlar dağıdılmış və ya ciddi ziyan vurulmuşdur. İşğal edilmiş ərazilər başdan-başa ekoloji fəlakət zonasına çevrilmişdir, hər tərəf minalanmışdır və mənfur düşmən minaların yerləşməsi xəritəsini belə verməkdən imtina etmişdir. İşğaldan azad edilmiş ərazilərdə bu qədər infrastrukturun bərpası, yenidən tikilməsi, kənd, qəsəbə və şəhərlərin dirçəldilməsi prioritetləri hazırda ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.
Artıq 2021-ci ilin dövlət büdcəsi təsdiq olunmuşdur. Ölkəmizin əsas maliyyə sənədində 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi məqsədilə 2,2 mlrd. manat vəsait ayrılmışdır. Bu vəsaitlər, ilk növbədə postkonflikt ərazilərdə müasir infrastrukturun təşkilinə, yəni elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi üçün yönəldilmişdir.İşğaldan azad olunan ərazilərin səmərəli şəkildə bərpa olunması ölkə iqtisadiyyatının imkanlarının genişləndirilməsinə əlavə mənbələr formalaşdıracaqdır.
Müharibənin yekunu həmişə dövlətləri daha məsuliyyətli olmağa sövq edir və yetər ki, ilk növbədə müharibədə təslim olan tərəf, uduzan ölkə, bu ölkənin rəhbərləri, başbilənləri, siyasətçiləri və ictimai xadimləri üzləşdikləri milli faciədən, minlərlə insan itkisindən, milli ordunun darmadağın olmasından düzgün nəticə çıxarsınlar və tarixi obyektivliyi, reallığı qəbul etsinlər. Məğlub ölkə kimi Ermənistanda bu məsələlər milli faciə və dərin böhran həddinə çatdırılmişdir. Bütün sahələrdə gərginlik, qarşıdurma, etirazlar, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, özbaşınalıq, itaətsizlik, tabeçilik prisniplərinin pozulması Ermənistan üçün bu gün xarakterik olan vəziyyətdir. Uzun illər işğalçılıq və düşmənçilik siyasətindən əlçəkməyən revanşist və faşist xislətli erməni siyasətçiləri və hərbiçiləri ilk növbədə öz erməni xalqını dərin uçuruma aparmaqdadırlar. Erməni analarının göz yaşları sel kimi axmaqda olduğu bir vaxtda, “övladım hardadır?” – deyə fəryad etdiyi şəraitdə, “heç olmasa nəşini verin” – hayqırdığı halda, erməni generalları, qatil keçmiş erməni prezidentləri – siyasətçiləri hakimiyyət davasındadırlar, kreslo davası edirlər, hiyləgər əməllərindən çəkinmirlər, gizlincə Qarabağa gənc erməni əsgərlərini mülki geyimlərdə yola salırlar, erməni terrorçuları pusqularda yatırlar, xainliklərindən və vəhşiliklərindən əlçəkmək istəmirlər.
Regionda maraqlı dövlətlərin birgə səylərinə, kommunikasiyaların açılması istiqamətində aparılan geniş həcmli işlərə, postmüharibə dövründə region ölkələri arasında müxtəlif formatlarda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi işlərinə və siyasətinə rəğmən, məğlub və dərin böhran içində çabalayan Ermənistan regiona ölkələrinə meydan sualmaqdadır, ultimatumlar verməkdədir, öz məğlubiyyətlərini həzm etmək və adekvat nəticə çıxarmaq əvəzinə sülhməramlı missiyanın mahiyətini özlərinin maraqlarına yönəltmək üçün yüz oyundan çıxmaqdadırlar. Nəticəsi isə göz qabağındadır, ölkənin siyasi və iqtisadi sistemi çöküş dövrünü yaşayır, qüruba doğru sürətlə yuvarlanmaqdadır, hərtərəfli böhran isə dərinləşməkdədir.
Azərbaycanda isə fərqli mənzərə diqqət çəkir. Ölkənin siyasətində və o cümlədən, iqtisadi siyasətində əsas hədəflər və prioritetlər milli vəmilli iqtisadi maraqların qorunması ilə yanaşı, regionda sülhün və iqtisadi əməkdaşlığın dayanıqlı olması, regional əməkdaşlığın genişləndirilməsi, bu regionda yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsidir. Mənfur erməni işğalçılarının məğlub və təslim olmalarından sonra, Azərbaycan daha məsuliyyətli ölkə kimi, ölkə ərazisində yaşayan ermənilərin qarantı kimi çıxış etdi və bütün dünyaya bir daha bildirdi ki, ölkə ərazisində onlarla başqa millətlər, həmçinin ermənilər həmişə rahat və təhlükəsiz şəraitdə yaşamışlar. Qarabağda da ermənilərin rahat və təhlükəsiz yaşaması üçün heç bir problem olmayacaqdır. Əvəzində isə ermənilər yenə də sərsəmcəsinə statusdan dəm vurular, qondarma “artçax”ın müstəqilliyindən danışırlar. Azərbaycan dövləti isə Qarabağın dirçəldilməsindən, daşı daş üstündə qalmayan kəndlərin, qəsəbələrin və şəhərlərin bərpasından irəli gələn strateji vəzifələrin yerinə yetirilməsini təmin etməkdədir. Hər tərəfdə infrastrukturun bərpasına başlanılmış, yollar çəkilir, hava limanı tikilir, dəmir yolları bərpa olunur, su elektrik stansiyaları istismara verilir, bir sözlə məcburi köçkünlərin “böyük qayıdışı” üçün zəruri tədbirlər görülür. Budur dövlətin məsuliyyəti, budur Azərbaycan dövlətinin insanlıq və dünya qarşısında bir müstəqil və sivil dövlət kimi məsuliyyət hissi, dövlətçilik yanaşmaları! Ermənistanda isə küçə siyasətindən və cığallıqdan, riyakarlıqdan bir addım belə uzalaşmaq hiss olunmur, dövləti idarə edənlər və dövlət strukturları erməni xalqının əzablarının azaldılmasına yox, öz maraqlarının, korrupsiya əməllərinin davamı üçün rejimin yaradılmasına “xidmət” etməkdədirlər.
Ölkə prezidenti İlham Əliyev 2021-ci il fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid alələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən haqlı olaraq demişdir: “Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik”. Daha sonra dövlət başçısı Ermənistanın dərin çöküşünə və böhran burulğanına yuvarlanmasını bu şəkildə ifadə etmişdir: “İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır”. Hesab edirik ki, məhz bütün bunlar Ermənistanın bir dövlət kimi nə dərəcədə məsuliyyətsiz və anlaqsız olmasının faciəvi nəticələridir. Müharibə dövründə faşist erməni işğalçıları döyüş meydanındakı məğlubiyyətlərinin acığını dinc Azərbaycan əhalisinə qarşı terrorla, yəni döyüş meydanından xeyli uzaqda olan Gəncə, Tərtər, Bərdə şəhərlərinə, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarına, hətta Xızıya atdıqları raketlərlə çıxırdılar. İnsanlıqla bir arada olmayan belə davranışların və hərbi cinayətin sonluğu isə bəllidir, minlərlə erməni hərbiçilərinin döyüş meydanında məhv edilməsi, erməni ordusunun zəlil günə salınması və darmadağın edilməsi, tör-töküntülərinin isə döyüş mövqelərini ataraq qaçması baş verdi. Bununla bağlı kadrları bütün dünya gördü və ermənilərin uzunillər yalanlar və cinayətlər üzərində qurduqları işğalçı rejimin iç üzü açıldı. İndi onlar bu hadisələrdən və düşdükləri durumdan daha düzgün nəticələr çıxarmalı və heç olmasa bundan sonra məsuliyyət hissinin nə olduğunu anlamalıdırlar.
Ermənistanın rəhbərləri və dövlətidarəetmə sisteminin məsul şəxsləri məsuliyyətsizlik anlayışı haqqında təlimlərə cəlb olunmalıdır, qoy onların beynəlxalq havadarları, işğal üçün onlara rəvac və dəstək verən, ikili standartlarla davranan dövlətlər işğalçı Ermənistanın dövlət kimi məsuliyyətini dərk etməyi onlara anlatsınlar. Dünyada qlobal problemlər həddindən çoxdur, millətlərin sülh və təhlükəsiz şəraitdə yaşamaları üçün dövlətlər böyük məsuliyyət daşıyırlar. Nə qədər ki, Ermənistan işğalçı və revanşist siyasətdən əl çəkməyib, öz faşist xislətini dəyişməyib, erməni xalq düşdüyü böhrandan və faciədən çıxa bilməyəckdir. Ermənistan dövləti isə özünün qazdığı quyunun daha dərinliklərinə yuvarlanmaqda davam edəcəkdir.
Şəfa Əliyev, Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru