Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov mətbuata açqlamasında bildirib ki, bu ilin sonunadək yeni açılan Ələt-Astara yolunun 31-ci km-dən başlayaraq 204-cü km-nə kimi məsafə ödənişli olacaq. Bu ilin sonunadək istifadəyə veriləcək Azərbaycanın ilk ödənişli yolunda qiymətin nə qədər olacağı hər bir vətəndaş üçün maraqlıdır. Avtosfer.az xəbər verir ki, modern.az məsələnin aktuallığını nəzərə alaraq hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynovdan münasibət öyrənib. Ərşad Hüseynov dünyadakı ödənişli yollar üçün tətbiq olunan şərtləri diqqətə çatdırıb. “Yəqin ki, məsələyə məsul olan dövlət qurumlarının hansısa ideyaları, konsepsiyaları var. Bununla bağlı xaricdə maraqlı təcrübələr var. Cəmiyyəti əsas maraqlandıran odur ki, hansı tarflər tətbiq olunacaq, kimlərə güzəştlər olunacaq. Dünyanın hər yerində bunun şərtləri var.
Birinci şərt ondan ibarətdir ki, hər hansı bir istiqamətə gedən düzəni yol heç vaxt pullu ola bilməz. Onun mütləq ödənişsiz alternativi olmalıdır. Özü də həmin ödənişsiz yol texniki göstəricilərinə görə ödənişli yoldan geri qalmamalıdır. Ona görə ki, kim istəyər ödənişli yoldan, kimisi də ödənişsiz yoldan istifadə edəcək.
İkinci əsas şərt odur ki, dünyanın bəzi ölkələrində alternativ yolun məsafə məhdudiyyəti var. Məsafə məhdudiyyəti odur ki, alternativ yol əsas yoldan maksimum 10-30 faiz arası uzun ola bilər. Bizdə isə hazırda bu yoxdur. Bunu Azərbaycanda nəzərə almaq lazımdır.
Üçüncü əsas şərt odur ki, hansı tariflər tətbiq olunacaq və kimlərə güzəştlər olunacaq? Dünyada təcrübə belədir ki, birinci məsafə, ikincisi nəqliyyat vasitələrin növü, üçüncüsu isə vətəndaşlıq (əcnəbi, yerli) nəzərə alınır. Həmçinin, marşrut avtobuslarına adı çəkilən yol ödənişsiz olmalıdır. Eyni zamanda, müəyyən kateqoriyadan olan insanlara güzəştlər edilməlidir. Dünya təcrübəsi bunu diqtə edir.
Dünyada elə bir meyar yoxdur ki, hansısa qiymət qoyulsun və o yola sərf olunan vəsait geri qaytarılsın. Yolun çəkilişinə sərf olunan məbləği geri qaytarmaq istəsələr, o zaman qiymətlər fantastiq dərəcədə baha olacaq və bu, sürücülər üçün əlçatan olmayacaq. Elə bir qiymət tətbiq etmək lazımdır ki, həmin yolun cari təmiri üçün yetərli olsun.
Xarici ölkələrdə belə bir şey yoxdur ki, bu cür magistral yolları pullu edib ondan yüksək məbləğdə vəsait qazansınlar. Bu cür yolların ödənişli olmasının əhəmiyyəti odur ki, həmin yolun cari təmiri üçün lazım olan vəsait toplansın.
Bizdə də dünya təcrübəsini əsas götürsələr, bu, hamı üçün əlçatan olacaq. Belə yanaşsalar, ödəniş minik avtomobilləri üçün 3-5 manat ola bilər. Bu məbləğ yüksək olsa, hamı alternativ yoldan istifadə edəcək və həmin yol özünün əhəmiyyətini itirə bilər”.