Azərbaycanın mövqeyi: sülh, sabitlik və əməkdaşlıq

419

 

Bu gün bütün dünya, o cümlədən Avropa İttifaqı ölkələri Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini bu reallıqlar əsasında formalaşdırmağa çalışır. Ümumilikdə Avropa ictimaiyyəti üçün postmüharibə dövründə  Azərbaycan-Ermənistan münasibətləri də böyük maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsinin mövzusu da əsasən bu maraqdan qaynaqlanan suallar əsasında idi.

Prezident İlham Əliyevin Avropanın və Cənubi Amerikanın ən nüfuzlu media resurslarından biri olan “El Pais”ə müsahibəsi beynəlxalq medianın və eləcə də beynəlxalq ictimaiyyətin boyük marağından qaynaqlanır. Bu maraq Azərbaycanın və onun liderinin regional və qlobal proseslərdə oynadığı roldan, Prezident İlham Əliyevin dünyada baş verən hadisələri obyektiv şərh etmək bacarığından irəli gəlir.

Prezident İlham Əliyev bütün müsahibələrində cəsarətli və prinsipial mövqeyi ilə qlobal miqyasda gündəm yaratmağı bacarır. Bu baxımdan, ölkə başçısının İspaniyanın “El Pais” qəzetinə müsahibəsi də olduqca böyük maraq doğurdu.

Azərbaycan dünyanın 30-dan çox ölkəsinə hərbi təyinatlı məhsullar ixrac edir

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən danışarkən vurğuladı ki, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya – bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı: “Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq”.

TAP layihəsi heç bir halda Rusiya qazına alternativ deyil

Müxbirin “Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi – TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?” sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, biz heç vaxt Prezident Putinlə TAP layihəsini müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib.

Dövlət başçısı vurğulayıb ki, bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz: “Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub”.

Prezident İlham Əliyev deyib ki, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər: “Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik”.

Ermənistan sülh sazişi istiqamətində işləməli və 21-ci əsrdə normal davranışa riayət etməlidir

Prezident İlham Əliyev postmüharibə dövründə Ermənistan Azərbaycan münasibətlərinə də toxundu. Ölkə başçısı bildirdi ki, Ermənistan sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidir: “Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik”.

Dövlət başçısı bildirib ki, Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır, lakin indiyədək Ermənistandan müsbət siqnallar alınmayıb: “Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var”.

Prezident İlham Əliyev bir daha  Azərbaycanın mövqeyini bəyan etdi: “Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik”.

Azərbaycan Ermənistanı inandıra bildi ki, avtomobil yolunun açılması qaçılmazdır

Ölkə başçısı müsahibəsində qeyd etdi ki, Biz sərhədləri açmaq istəyirik: “Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır”.

Danışıqların bir neçə mərhələsinin nisbətən uğurlu keçdiyini qeyd edən dövlətimizin başçısı deyib: “İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir”.

 

 

 

 

 

Bütün təhlükələr dərhal aradan qaldıracaq

Ölkə başçısı bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər. Prezident İlham Əliyev bir daha vurğuladı ki, bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.  Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.

Dağlıq Qarabağ münaqişəsi həll olunub

 

Prezident İlham Əliyev müshaibəsində dünya ictimaiyyəti ilə yanaşı Ermənistan cəmiyyətinə də mesajlarını çatdırdı. Ölkə başçısı bir daha vurğuladı ki, Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir.

Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdəictimai rəy formalaşdırılmalıdır.

Hərbi əsirlər məsələsinə toxunan ölkə başçısı bildirdi ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdib. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.

Avropa İttifaqına 2023-cü ildə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq

Prezident Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri geniş şəkildə şərh etdi, Azərbaycanın artan iqtisadi qüdrətindən danışdı. Ölkə başçısı bildirdi ki, bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır.  Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır.

Beləliklə, Prezident İlham Əliyev dünyanın nüfuzlu media orqanı vasitəsi ilə bir daha Azərbaycanın mövqeyini bəyan etdi. Dünya və Ermənistan ictimaiyyətinə öz mesajını çatdırdı. Ölkə başçısı müsahibəsində keçmişlə deyil, gələcəklə yaşamaq, Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla hesablaşmaq lazım olduğunu bir daha diqqətə çatdırdı.

Elvin Əlizadə, gənc yazar, Sumqayıt Poeziya Evinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər