Mənfur və riyakar qonşularımız olan ermənilərin xalqımıza qarşı həyata keçirdikləri düşmənçilik siyasəti 200 ildən artıqdır ki, davam edir. Tarixin müxtəlif mərhələlərində ermənilər Azərbaycan ərazilərinə qarşı təcəvüzkarlıq siyasəti həyata keçirmiş, xalqımıza qarşı dəfələrlə soyqrım cinayətləri törətmişlər. Ötən əsrin 1948-1953-cü illərində 150 minə yaxın azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmuşdur. Fürsət düşdükcə bu məkirli siyasətlərini yeridən ermənilər növbəti dəfə 1988-ci ildə 250 min azərbaycanlını öz doğma yurd yuvasından didərgin salmışdır.
1988-ci ildə başlayan Qarabağ hadisələri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edildi, bir milyonadək Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin salındı, on minlərlə günahsız insan qətlə yetirildi, yaşayış məskənləri yandırılaraq talan olundu. Təcəvüzkar Ermənistan 30 il ərzində ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurdu. Bu dövrdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə dağıtdı. Bu vandalizm aktları nəticəsində ölkəmizə dəyəri on milyardlarla dollar səviyyəsində ölçülən maddi və mənəvi ziyan dəydi.
30 il ərzində beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulmasının şahidi olduq, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmadı, işğalçı Ermənistan daha da azğınlaşdı. Sözsüz ki, burada beynəlxalq təşkilatların ikili standartları da az rol oynamadı. Belə ki, bilavasitə bu münaqişənin həll olunması üçün təsis olunmuş ATƏT-in Minsk Qrupu məsələni həll etmək əvəzinə dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı.
BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Xüsusilə son illərdə Ermənistanın təxribatçı addımları, bəyanatları müharibəni qaçılmaz edirdi.
Azərbaycan ötən dövr ərzində bütün aparıcı beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdi və münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Aparılan effektiv diplomatik fəaliyyət nəticəsində BMT Baş Assambleyası, Avropa Şurası, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar qətnamələr qəbul etdi. Məhz bu illər ərzində gərgin diplomatik fəaliyyətlər nəticəsində biz bütün dünyaya sübut edə bildik ki, Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.
Ötən dövr ərzində Azərbaycan iqtisadi gücünü daha da artırdı, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı oldu. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr vasitəsilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.
Ermənistan Azərbaycanın artan iqtisadi gücü və siyasi nüfuzu sayəsində beynəlxalq layihələrdə autsayderə çevrildi.
Həyata keçirilən diplomatik fəaliyyət, iqtisadiyyatımızın güclənməsi ilə yanaşı ordu quruculuğu da əsas prioritetlərdən oldu. 17 il ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer aldı.
Ordumuzun müasir texnika ilə təchiz edilməsi, davamlı təlimlərin keçirilməsi, ordumuzun döyüş potensialının daha da gücləndirilməsi, hərbi sənayenin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirildi. 30 ilə yaxın müddət ərzində yalnız hərbçilərimiz deyil, Azərbaycan xalqı da “İrəli” əmrini gözləyirdi, buna hazırlaşırdı.
Güclü ordu, güclü dövlət
Nəhayət o tarixi gün yetişdi. 27 Sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. 44 günlük Vətən Müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə yekunlaşdı. 44 günün hər günü Azərbaycan tarixinə yazıldı. Ordumuz hər gün irəliləyir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-na kimi 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi azad oldundu. Həmçinin 44 gün ərzində Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilan rayonunda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik ordumuzun nəzarətinə keçdi.
Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası
Beləliklə, Ermənistan təslim oldu və noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Kapitulyasiya aktına əsasən, noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada ucaldıldı. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldi.
Azərbaycanın qüdrətli ordusu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Əldə olunan böyük Qələbə ilə Ermənistanın 30 ilə yaxın müddətdə həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycan ordusunun qüdrətinə şahid oldu. Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi Zəfər sayəsində Ermənistan ordusu haqqında uydurulan miflərə son qoyuldu. Azərbaycan Ordusu döyüş meydanında üstünlüyünü nümayiş etdirdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikaları və canlı qüvvəsi məhv edildi.
Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, istənilən vəzifəni icra etməyə qadirdir. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun nümayəndələri Azərbaycan Ordusunun döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayırlar.
Ali Baş Komandan İlham Əliyev İnformasiya cəbhəsində də düşmənə sarsıdıcı zərbə vurdu.
44 günlük vətən müharibəsi dövründə Azərbaycan döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurlu mübarizə apardı, üstünlüyü qoruyub saxladı. Prezident İlham Əliyevin siyasi peşəkarlığı informasiya müharibəsində də qələbəyə səbəb oldu. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də əsl şücaət göstərərək informasiya blokadasını yardı, mövcud reallıqları, həqiqətləri bütün dünyaya bəyan etdi. İstər müharibə dövründə, istərsə də müharibədən sonra onlarla aparıcı xarici kütləvi informasiya vasitələrinə müsahibə verməklə ölkə başçısı informasiya blokadasını yardı.
Müzəffər Ali Baş Komandan dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələrlə dünyanın münaqişəyə baxışını dəyişməyə nail oldu.
Müharibə dövründə Prezident İlham Əliyevin daxili auditoriyaya yönəlmiş nitqləri də xüsusi diqqət çəkirdi. Azərbaycan xalqı hər gün qələbə xəbərlərini məhz ölkə başçısının dilindən eşidirdi. 44 günlük Vətən Müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin hər bir nitqində insanların duyğularını əks etdirən fikirlər yer alırdı. Bu fikirlər, bu sözlər insanların yaddaşına əbədi həkk olundu, dillər əzbərinə çevrildi. Prezidentin hər bir nitqi xalqımızı daha da ruhlandırır, qələbəyə kökləyirdi.
Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşərək düşmənə qarşı mübarizə apardı. Xalqımızın birliyi və həmrəyliyi sayəsində biz bu qələbəyə nail olduq. Vətən müharibəsi zamanı siyasi partiyalar da Ali Baş Komandan İlham Əliyevə öz dəstəklərini ifadə etdilər.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanıb. Müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən 50 siyasi partiyanın müraciətləri oldu.
Bütövlükdə xalqımızın həmrəyliyi, siyasi baxışından asılı olmayaqraq vahid amal uğrunda birləşməyi bizə əlavə güc verdi, bəzi mənfur xarici dairələrin Azərbaycanda öz çirkin planlarını həyata keçirməsinə imkan vermədi.
Azərbaycanın Qələbəsi regionun inkişafı üçün yeni perspektivlər vəd edir
Azərbaycan şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. Bu gün regonun inkişafı üçün yeni perespektivlər müzakirə olunur, təşəbbüslər irəli sürülür. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları mövcuddur. Sözsüz ki, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türkiyə və Rusiya əlaqələrinin genişlənməsi regionda təhlükəsizliyin təmin olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı Zəfər yalnız ölkəmizin deyil, bütövlükdə regionun inkişafı üçün yeni perespektivlər açacaq, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Təranə Rəcəbli , əməkdar həkim, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü