AZƏRBAYCANIN ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI İLƏ ƏLAQƏLƏRİNİN İQTİSADİ STRATEJİ ASPEKTLƏRİ

579

Müasir dövrümüzdə qlobal transformasiyalar şəraitində dövlətlərarası əlaqələrlə yanaşı, ölkə qrupları, birlikləri və regional təşkilatları ilə əməkdaşlığın mühüm strateji faydaları vardır. Belə ki, bu halda regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki çağırışlara uyğun şəkildə birgə tədbirlərin görülməsi, beynəlxalq ticarətin səmərəliliyinə mane olan baryerlərin aradan qaldırılması və ticarət əməliyyatlarının strukturunun şaxələndirilməsi problemlərinin həllində yeni imkanlar ortaya çıxır. Dünya səviyyəsində özünün nüfuz dairəsi və əhəmiyyəti ilə seçilən regional qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT).

Qeyd edək ki, ŞƏT 2001-ci il 15 iyunda təsis olunmuş və 2002-ci ildə isə bu təşkilatın Nizamnamsəi təsdiq edilmişdir. Hazırda ŞƏT-ə daxil olan dövlətlərə – Rusiya, Qazaxstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan, İran və Özbəkistan daxildirlər. Bundan əlavə, müşahidəçilər qismində isə bu dövlətlər – Əfqanistan, Monqolustan və Belarus çıxış edir. Eyni zamanda, “Dialoq üzrə tərəfdaş” ölkələr kimi – Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Şri-Lanka və s. ŞƏT-lə əlaqələrin genişləndirilməsində kifayət qədər maraqlıdırlar.

ŞƏT-in başlıca missiyası və məqsədi, ilk növbədə mehriban qonşuluq və dostluq münasibətlərinin təmin edilməsi, həmçinin üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsindən ibarətdir. Bunlarla bərabər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviq olunması, regionda sülhün, sabitliyin qorunması, təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində birgə səylərin dəstəklənməsi prioritetləri də diqqət çəkir. Həmçinin ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması da Təşkilatın əsas məqsədləri sırasındadır.

ŞƏT özünün fəaliyyətini bir sıra təşkilati strukturlar əsasında reallaşdırır və bunlara Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici işlər nazirləri Şurası, Parlamentlər rəhbərləri, müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, səhiyyə, baş prokurorlar və digər sahələrə məsul vəzifəli şəxslərin görüşləri və Milli Koordinatorlar Şurası daxildirlər.

ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur və bu Təşkilatın hazırkı Baş katibi Çin nümayəndəsi Can Mindir.

Son illərdə ŞƏT-in nüfuzu xeyli yüksəlməkdədir. Bu təşkilata daxil olan dövlətlərin dünya iqtisadiyyatında payı 50 %-ə yaxındır və maraqlıdır ki, həmin ölkələrdə dünya əhalisinin yarısı – 50 %-i yaşayır.Təşkilatın əhatə etdiyi coğrafi trayektoriya Arktikadan Hind okeanına qədər – Şimaldan Cənuba, həmçinin Şərqdən qərbə qədər ərazini özündə birləşdirir. ŞƏT-ə daxil olan dövlətlərin dördündə nüvə silahı və sənayesi vardır. Dünyada qlobal problemlərin həllində, regional və qlobal təhlükəsizlik məsələlərində bu təşkilatın mövqeyi strateji xarakter daşıyır. ŞƏT beynəlxalq səviyyədə iqtisadi əməkdaşlığın genişləndirilməsi, dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsini, iqtisadi və maliyyə sabitliyinin gücləndirilməsini dəstəkləyir. Dünya ticarət sisteminin çoxvektorlu olmasının təminatı başlıca hədəflərdəndir.

ŞƏT-ə daxil olan dövlətlərin ümumi ərazisi 35 milyon kvadrat kilometrdir və ümumilikdə bu, Avrasiya ərazisinin 65 %-i deməkdir. Əhalinin sayı isə 3,54 milyard nəfərə yaxındır. Bu təşkilatın aparıcı üzvü olan Çin dünya iqtisadiyyatında ikinci mövqedədir, amma ÜDM-in alıcılıq qabiliyyətinə görə isə birinci yerdədir. Hindistan iqtisadiyyatı da dünyada önəmli əhəmiyyət kəsb edir. Təşkilatın 4 üzvündə – Rusiya, Çin, Hindistan və İranda kosmik sənayenin inkişafına ciddi önəm  verilir və bu dövlətlər “Kosmos klubu”na daxildirlər.

ŞƏT-ə daxil olan dövlətlərin iqtisadi aspektlər baxımından əsas göstəricilərinə diqqət yetirsək Rusiyada ÜDM-in həcmi 1,87 trilyon dollar və adambaşına düşən ÜDM 13 min dollar;Çində – ÜDM-in həcmi nominal dəyərdə 19 trilyon dollara yaxın və adambaşına düşən ÜDM – 13 min dollar; Hindistanda ÜDM-in həcmi alıcılıq qabiliyyətində görə – 11,7 trilyon dollar, Pakistanda – 1,6 trilyon, İranda – 1,1 trilyon dollar və s. təşkil edir. Bu qurumun, həm də Türkdilli Dövlətlərin Təşkilatının üzvi olan Qazaxstanda ÜDM-in alıcılıq qabiliyyətinə görə həcmi 610 milyard dollar və adambaşına düşən ÜDM-in həcmi isə 31 min dollara yaxındır. Göründüyü kimi ŞƏT-ə daxil olan dövlətlərin iqtisadi potensialı kifayət qədər yüksəkdir və qarşılıqlı ticarət-iqtisadi əlaqələr üçün çoxvektorlu imkanlar vardır. Hesab edirik ki, Azərbaycan bu təşkilatla əlaqələri çərçivəsində özünün xarici ticatət dövriyyəsinin strukturunu əhəmiyyətli səviyyədə təkmilləşdirə bilər və xüsusilə, qeyri-neftqaz ixracını diversifikasiyalaşdırmaqda əlavə potensial formalaşdırılmış olar.

Azərbaycanla ŞƏT arasında münasibətlər 10 ilə yaxındır. Belə ki, 2015-ci il  iyul ayının 10-da ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra, 2016-cı ilin 14 martında Pekində (Çin)Azərbaycanla ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına ŞƏT-in “dialoq üzrə tərəfdaşı” statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır. Yüksək səviyyədə ilk təmas – 2020-ci il fevral ayının 14-də dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ŞƏT-in Baş katibi Vladimir Norov ilə görüşü olmuşdur. 16 sentyabr 2022-ci il tarixindəSəmərqənddə ŞƏT üzv ölkələrinin Sammiti keçirilmiş və bu Sammitdə Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətiştirak etmişdir.Sammitin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilmişdir.

Azərbaycanın ŞƏT-ə daxil olan dövlətlərlə ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından böyük imkanları vardır. Xüsusilə, əvvəldə qeyd etdiyimiz kimi müxtəlif qeyri-neftqaz sənayesi məhsullarının bu dövlətlərin bazarlarına çıxarılması perspektivləri diqqət çəkir. Rusiya, Çin və Hindistan Azərbaycanın xarici ticarət dövriyyəsində ilk onluqda yer alan dövlətlərdir və müvafiq olaraq – 7 %; 4,1 % və 3,6 % paya malikdirlər. Eyni zamanda, ölkəmizin idxalında ŞƏT-ə daxil olan Rusiya birinci yeri (18,8 %), Çin üçüncü yeri (14,3 %), Qazaxstan dördüncü yeri (3,4 %) və İran səkkizinci yeri 3,3 % tutur. İxracda isə ilk onluqda Hindistan dördüncü yer (4,4 %) və Rusiya yeddinci yerdədir (2,6 %).

Digər tərəfdən, hesab edirik ki, Azərbaycan ŞƏT-in üzvü Pakistan və bu təşkilatla “Dialoq üzrə tərəfdaş” ölkə statusu olan qardaş Türkiyə ilə birlikdə formalaşmış strateji əməkdaşlıq əlaqələrini bu təşkilatın imkanları çərçivəsində daha da möhkəmləndirə bilərlər. Həmçinin Orta dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində və formalaşdırılmasında birgə səylərin ciddi əhəmiyyəti olacaqdır.

Belə ki, 2024-cü il iyulun 3-də ŞƏT-in Astanda keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də bu dəhlizlə bağlı əməkdaşlıq istiqamətləri yer almışdır.

Orta Dəhliz vasitəsilə 2023-cü ildə 2,8 milyon ton yük daşınmışdır və bu 2022-ci illə nisbətdə 86 % yüksəkdir. 2024-cü ildə isə yükdaşımaların ümumi həcminin 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır. Bakı Beynəlxalq Dəniz ticarət Limanının yükdaşıma qabiliyyətinin 25 milyon tona qədər artırılması hədəf kimi qarşıya qoyulmuşdur. Son 20 ildə Azərbaycanda 19 min kilometrdən çox avtomobil yolu və 1400 km dəmir yolu xətti çəkilərək istismara verilmişdir. Bütün bunlar ölkəmizin tranzit imkanlarının genişləndirilməsinə və iqtisadi potensialına artırılmasına əlavə stimullar verməkdədir.

Qeyd etdiyimiz kimi, 2024-cü il iyulun 3-də Astanada (Qazaxıstan) ŞƏT-ə üzv olan ölkələrin Zirvə görüşü başlamışdır və buSammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Dövlət başçısı İlham Əliyev bu Sammitdə iştirak edir və artıq bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilmişdir. Yaxın perspektivdə Azərbaycan ŞƏT-də müşahidəçi statusunu almaq istiqamətində səy göstərir və bunun üçün ciddi siyasi-iqtisadi amillər vardır.

Azərbaycan regionda müstəqil siyasətə malik və dinamik inkişaf edən güclü dövlətdir. Ölkəmiz separatizmə və terrorizmə qarşı mübarizə aparır və bu istiqamətlərdə beynəlxalq əməkdaşlıqda maraqlıdır. İşğaldan azad olunmuş ərazilərdə müasir iqtisadiyyat quruculuğu gedir və regionun dünya iqtisadiyyatına inteqrasiyası prioritetlik təşkil edir.

Perspektivdə Zəngəzur Qlobal Nəqliyyat Dəhlizinin açılması gözlənilir. Türkdilli dövlətlərin inteqrasiyasının intensivləşdiyi bir dövrdür və bu proseslər daha sürətli xarakter almaqdadır. Bu iqtisadi amillər baxımından Azərbaycan ŞƏT-ə daxil olan və onunla əməkdaşlıq edən dövlətlərlə həm ikitərəfli əlaqələr formatında, həm də bu təşkilatın imkanları çərçivəsində daha geniş iqtisadi-ticarət əlaqələrinin yaradılmasında xeyli maraqlıdır.

Əminliklə deyə bilərik ki, Azərbaycanın ŞƏT-lə əlaqələrinin şaxələndirilməsi ölkəmizin iqtisadi maraqlarını özündə ehtiva edir və milli iqtisadi inkişaf modelinin möhkəmləndirilməsində, qeyri-neftqaz sahələrinin inkişafının sürətləndirilməsində və xüsusilə qeyri-neftqaz ixracının artırılmasında bu Təşkilatla əməkdaşlığın strateji rolu əhəmiyyətli səviyyədə artacaqdır.

ŞƏFA ƏLİYEV, UNEC Qarabağ  İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər