Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun görüşü, görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrinin gözdən keçirilməsi, qarşılıqlı əməkdaşlığın gündəliyindəki məsələlərə ətraflı nəzər salınması dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığının göstəricisidir. Rəsmi səfər çərçivəsində imzalanmış 10 sənəd dost və qardaş dövlətlərin münasibətlərinin intensivləşdirilməsi əzmində olunduğunu bir daha təsdiqlədi. Bunlardan ikisi Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi qeyd olunmalıdır.
Beynəlxalq sahədə əməkdaşlıq məsələsində qeyd olunmalıdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Məsələn, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyi, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi təqdirəlayiqdir.
Həmçinin, ticari-iqtisadi sahədə, Şərq-Qərb nəqliyyat və enerji infrastrukturu və dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində aparılan fikir mübadiləsi əmtəə dövriyyəsinin qısa müddət ərzində artacağından, Azərbaycanda yüklərin bütün istiqamətlərda daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturunun imkanlarından qırğız qardaşlarımızın yararlanacağından xəbər verir.
Məlumdur ki, kənd təsərrüfatı Qırğızıstanın iqtisadiyyatında əhəmiyyətli yer tutur. Baxmayaraq ki, ümumi ərazinin yalnız 6,8 faizi kənd təsərrüfatı bitkiləri üçün, 44 faizi heyvandarlıq üçün otlaq kimi istifadə olunur, ümumi işçi qüvvəsinin 48 faizi bu sahədə çalışır və ümumdaxili məhsulun 18 faizi bu sahənin payına düşür. Qırğızıstanın kənd təsərrüfatı məhsulları arasında tütün, pambıq, kartof, tərəvəz, üzüm, meyvə və giləmeyvə üstünlük təşkil edir. Ümumi istehsal baxımından əsas məhsulu ölkənin mal-qarasını qidalandırmaq üçün müxtəlif növ heyvan yemləri təşkil edir. İkinci ən böyük məhsul isə arpa, qarğıdalı və düyüdən sonra payızlıq buğdadır.
Bu baxımdan görüşdə müzakirə olunan əsas məsələlərdən biri də kənd təsərrüfatı ilə bağlı məsələ idi. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verildi ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər etsin.
Əlbəttə, Azərbaycan və Qırğızıstan xalqlarını birləşdirən humanitar sahə, mədəni irsimiz, ortaq tariximiz və mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəklənməsi dövlətlərarası münasibətlərin daha da inkişaf etdiyinin göstəricisidir və buna görə Qırğızıstan tərəfi təşəkkürə layiqdir. Dövlətimiz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndirir. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.
Bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış sənədlər, xüsusilə, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə dövlətlərimiz arasında münasibətlərin inkişafda olduğunun göstəricisidir.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri