Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək, 3-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümen-in üzvü seçilib. Onun topladığı səs faizi (89,2%, 25 saylı Xanqalasskiy Seçki Dairəsi, ilkin hesablama) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricilərdən biridir.
sumqayitxeber.com modern.az-a istinadən xəbər verir ki, bu barədə onun dostu, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı bildirib.
Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979). Əmək fəaliyyətinə “YakutPromStoyMaterial”da (“ЯкутПромСтройМатериал”) başlayıb. Keçmiş Sovet Ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə “YakutSement”in baş direktorudur.
Uluslararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov Saxa (Yakutiya) Respublikasının əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb. İl Tümenə keçirilən IV, V və artıq VI seçkilərdə deputat seçilib.
Azərbaycanımızın adını həmişə uca tutan, Saxa (Yakutiya) Respublikasındakı diasporumuzun təşkilatlanmasında, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində Əliş Məmmədovun böyük xidmətləri var.