Azərbaycanlı islahatçı İranın 9-cu prezidenti oldu – İslam Respublikasının tarixində YENİ MƏRHƏLƏ

473

Məsud Pezeşkiyan 2-ci turda səslərini 6 milyon artıra bildi. İran seçkilərində önə çıxan mövzular nələr idi?

İranda 14-cü prezident seçkilərinin ikinci turunun nəticələri elan olundu. İslahatçı namizəd, azərbaycanlı Məsud Pezeşkiyan İslam Respublikasının 9-cu prezidenti seçilib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən Məsud Pezeşkiyan 16 milyon 384 min səs alaraq qalib gəlib. Onun yeganə rəqibi, “mühafizəkar” siyasətçi Səid Cəlili isə 13 milyon 538 min səs alıb.

Açıqlanan rəsmi rəqəmlərə əsasən seçkilərdə 1-ci turdan təxminən 9 faiz çox- 30 milyon 530 min seçici iştirak edib. Bu, ümumi seçici sayının 49,8 faizi deməkdir. Seçkilər ölkə ərazisində 58 min, 100-dən çox xarici ölkədə isə 314 seçki məntəqəsində baş tutub. 1-ci turda olduğu kimi, bu dəfə də saat 18-də başa çatmalı olan səsvermə saat 24:00-dək uzadılıb.

mesud-pezeshkian1.jpg (30 KB)

Səsvermənin nəticələrindən də göründüyü kimi, Səid Cəlili səslərini 2-ci turda artıra bilməyib. 1-ci turda mühafizəkar namizədlərin ümumi səsləri 13 milyon olub, təxminən o qədər insan 2-ci turda Cəliliyə səs verib. Bunun əksinə, gözlənildiyi kimi, 2-ci turda “islahatçılar” səslərini artırıblar. Belə ki, 1-ci turda 10,5 milyon səs alan M.Pezeşkiyanın səsləri 2-ci turda 6 milyon daha artıb və nəticədə Pezeşkiyan 53 faizdən çox səs alaraq prezident seçkilərinin qalibi olub. Bu isə onu göstərir ki, ümumi seçicilərin 10 faizdən çoxu 1-ci turda iştirak etməyib, ancaq 2-ci tura qatılıb. Görünür ki, “islahatçılar” ikinci tura daha çox insan cəlb etməyə nail olub, yaxud da “mühafizəkarlardan” narazı olan böyük bir kütlə məhz “mühafizəkarların” uduzması üçün seçkiyə qatılıb.

İranda prezident seçkilərinin “islahatçı” bir namizədin qələbəsi ilə bitməsini son illərdə hakimiyyətin bütün qollarında möhkəmlənən “mühafizəkarlara” reaksiya hesab etmək olar. Lakin eyni zamanda Pezeşkiyanın qələbəsi İranda son illərdə “islahat” və “mühafizəkar” cinah arasında dərinləşən islamçıların bölünməsi prosesini zəiflətdi.

Məsələ ondadır ki, son illərdə hakimiyyətin bütün qollarını əldə edən mühafizəkarlar həm də ciddi ictimai-siyasi bölünməyə səbəb olmuşdu. 2022-ci il Məhsa Əmini etirazları göstərdi ki, ölkədə ciddi parçalanma var və hazırkı sistemə qarşı ciddi bir etiraz var. Əlbəttə, bu, həm də özünü seçkilərə passiv qatılım və kütləvi etirazlarda özünü göstərirdi. Hətta ehtimal olunurdu ki, seçkilərdə Cəlilinin qələbəsi növbəti etiraz dalğasını körükləyə bilər. Hər nə qədər “mühafizəkar” cinah prezident postunu əlində saxlamağa iddialı idisə də, ölkənin ali rəhbərliyi, İslam Respublikasının taleyini müəyyən edən şəxslər üçün prioritet olan vətəndaşların seçkilərdə fəallığı və İslam Respublikası sistemi daxilindəki bölünmənin dərinləşməməsi idi. Hətta inqilab rəhbəri Ayətullah Əli Xameneyi bildirdi ki, əsas olan seçkilərdə vətəndaşların aktiv iştirakıdır, bu, İslam Respublikasına etimadın göstəricisidir.

Iran_Dereje_Shutterstock.jpg (183 KB)

Nəticə etibarı ilə Məsud Pezeşkiyanın qələbəsi İranda siyasi proseslərin canlanmasına səbəb olacaq, son illərdə siyasi idarəçilikdən uzaqlaşdırılan “islahatçıların” yenidən icra hakimiyyətinə geri dönməsi və belə demək olarsa ölkənin taleyi ilə bağlı məsuliyyəti üzərlərinə götürməsinə səbəb olacaq.

İslam Respublikasının yeni seçilmiş 9-cu prezidentinin qarşısında isə çox ciddi problemləri həll etmək vəzifəsi dayanır. Sosial-iqtisadi vəziyyətin yaxşılaşması, embarqoların yumşalması və daxildə iqtisadi sabitliyin yaradılması. Əlbəttə, “islahatçılar” hazırkı Vaşinqton administrasiyası ilə daha əvvəlki təcrübəyə əsasən dil tapa bilir. Lakin payızda ABŞ-da “mühafizəkar” Donald Trampın qalib gəlməsi Pezeşkianın işini daha da çətinləşdirə bilər. Oxşar taleyi daha bir “islahatçı” Həsən Ruhani yaşadı. Ruhani hökuməti demokrat Barak Obama ilə nüvə sazişində anlaşsa da, Trampın iqtidara gəlməsi ilə planlar pozuldu, ABŞ İrana qarşı daha sərt sanksiyalar qoymaqla Həsən Ruhani hökumətinin sosial-iqtisadi planlarını pozmaqla yanaşı ümumilikdə “islahatçıların” Qərblə barışıq tezisini darmadağın etdi.

Payıza isə o qədər də çox zaman qalmayıb. Maraqlıdır ki, İran ali dini liderinin hazırda prezident səlahiyyətlərini icra edən Məhəmməd Muxbir vasitəsilə Rusiya prezidentinə məktub göndərdiyi və əlaqələrin davam edəcəyini bildirdiyi haqda xəbərlər yayılıb. Bu da onu göstərir ki, ali dini hakimiyyət İranın yeni dövrünə hazırlaşır, Pezeşkianın ümumi xarici siyasət kursundan imtina etməsi mümkün olmayacaq.

screenshot_56.jpg (22 KB)

14-cü prezident seçkilərinin daha bir xüsusi elementi etnik azlıqlar faktorunun önə çıxması oldu. Xüsusən də ikinci turda hər iki namizəd etnik bölgələrə üstünlük verdi. Ancaq nəticə etibarı ilə 1-ci turda da Azərbaycan vilayətləri, eləcə də digər etnik bölgələr Pezeşkiana səs verdi. Pesezşkianın qələbəsi ilə İranda etnik kart bundan sonra seçkilərdə xüsusi yer tutacaq. Xüsusən də prezident seçkilərində namizədlərin Azərbaycan və digər etnik qruplara üz tutacağını demək olar. Bu isə İslam Respublikası tarixində yeni bir mərhələdir.

Azərbaycan əsilli Pezeşkianın seçkilərdə Azərbaycan amilinə ciddi yer verməsi onun prezidentliyi dönəmində Azərbaycan Respublikası ilə münasibətlərin yaxşı vəziyyətdə olduğunu deməyə əsas verir. Doğrudur, iki ölkə münasibətlərində kəskin ağır dövr artıq arxada qalıb, lakin güman etmək olar ki, Pezeşkianın dövründə münasibətlər daha da yaxşılaşacaq. Əlbəttə, kənar faktorların müdaxiləsi olmasa.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər