Dövlət Şirkətini hansı aqibət gözləyir?
Vüsal MƏMMƏDOV
2009-cu ilin “Azərikimya” Dövlət Şirkəti üçün qalmaqallarla dolu il olduğu desək, yəqin ki, yanılmarıq. Hər şey ondan başladı ki, Şirkət rəhbərliyi daxili nizam-intizam, eləcə də Əmək Məcəlləsinin tələblərini pozduğu üçün bir neçə işçini vəzifələrindən azad etdi. Ölkə mediasında geniş şəkildə işıqlandırılan həmin olay işçilərdən bir neçəsinin yeni il bayramı günlərində işlədikləri sexdə təşkil etdikləri məclisə spirtli içki gətirmələri ilə bağlı olmuşdu. Hər halda, Şirkət rəhbərliyi məsələnin bu cür olduğunu, ittiham olunan tərəf isə belə olmadığını iddia edirdi. Nəhayətdə, məhkəmə Şirkətin mövqeyini doğru qiymətləndirdi.
İlin sonrakı aylarında isə ölkə mediasında “Azərikimya”nın özünü doğrultmadığı və bu üzdən Dövlət Neft Şirkətinə birləşdiriləcəyinə dair ayrı-ayrı təhlilçilər tərəfindən fikirlər səsləndirilməyə başlanıldı. Hətta bu məqamla
bağlı hökumətdə ciddi müzakirələrin getdiyi bildirildi.
Bütün bunlar o vaxt baş verirdi ki…
Bütün bunlar o vaxt baş verirdi ki, “Azərikimya”da ikinci narazılıq dalğası başlanmışdı. Bu dəfə isə məsələ əməkhaqqılarla bağlı idi. Şirkətin işçilərinin əksəriyyəti yanvar, fevral və mart aylarının maaşlarını almamışdılar. Ardınca bu sıraya aprel və may ayları da əlavə olunacaq, daha sonra isə şirkət sonrakı 2 ayın əməkhaqlarını ödəsə də işçilərin 3 aylıq əməkhaqları problem olaraq qalacaqdı…
İlin sonrakı aylarında yayılan xəbərlər isə ölkədə neft-kimya kompleksinin dirçələcəyinə ümidlər yaratdı. Belə ki, hazırda layihələndirmə işləri davam edən və Azərbaycanda ən yüksək standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində aparılan işlər məhz “Azərikimya” tərəfindən həyata keçirilir. Hər halda, Şirkətin məlumatlarında belə deyilir.
Şirkətdən “168 saat”a verilən məlumata görə, inşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər Şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılmaqdadır. Son iki il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.
Onu da xatırlatmaq yerinə düşər ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə “Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), “Uhde” (Thysenn Krupp – Almaniya), “Technip” (Fransa), KBR (İngiltərə) firmalarının müasir texnologiyalarının tətbiqi nəzərdə tutulub və əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Azərikimya”da narahatlıq doğuran president
Ancaq təhlilçilər hesab edir ki, bu neft-kimya kompleksinin Şirkətin tabeliyində qalacağı şübhə doğurur. Hətta Şirkətin özünün də aqibəti sual altındadır. Belə ki, hökumətin idarəçilikdə artıq pillələrin ortadan qaldırılması istiqamətində islahatlar aparmaq niyyətində olduğu ortadadır. Ən azı bunu prezidentin sərəncamı ilə həyata keçirilmiş son iki dəyişiklik də sübut etdi. Öncə “Azəriqaz” SC-nin ləğv edilərək ARDNŞ-yə birləşdirilməsi, ardınca isə “Sumqayıtelektrikşəbəkə” ASC-nin fəaliyyətinə xitam verilərək “Azərenerji” SC-yə tabe edilməsi. Məhz bu iki faktın hazırda “Azərikimya” narahatlıq doğurduğu söylənilir. Məsələ burasındadır ki, əvvəllər şirkətin ARDNŞ-yə birləşdirilmə ehtimalı inandırıcı qəbul olunmurdusa, artıq ortada xoşagəlməz iki president var.
Sumqayıtlı millət vəkilləri qarşı-qarşıya gəldi
Sumqayıtlı millət vəkili İkram İsrafilov “Azərikimya”da işçilərin əməkhaqqı ala bilməməsini Milli Məclis səviyyəsində qaldırdı və problemin həlli istiqamətində hökumətdən kömək istədi. Mətbuata açıqlamalarında da İ.İsrafilov məsələni bir neçə dəfə gündəmə gətirdi. Nəhayət, Dövlət Şirkətinin prezidenti, millət vəkili Məcid Kərimov danışdı:” ”Azərikimya” Dövlət Şirkəti tərəfindən işçilərə üç aylıq əmək haqqının verilməməsi barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bu fikirləri səsləndirən deputat müxalifətçidir və qərəzli danışıb. Belə səviyyəsiz söhbətlərə əhəmiyyət verməyin”.
Şirkət prezdenti, sumqayıtlı həmkarını – deputat İ.İsrafilovu savadsızlıqda ittiham etməkdən də çəkinmədi:”Həmin fikirlər onların bu məsələlərdən başının çıxmamasını göstərir və savadsızlığından xəbər verir. İşçilərə hər ay əmək haqqı verilir. İlin əvvəlində zavodlarımız 3-4 ay müddətinə dayanmışdı, həmin müddətdə əməkhaqlarında kəsirlər olmuşdu. Sonradan zavodların işini normal vəziyyətə salmışıq, indi hamı işləyir və əməkhaqlarını alır”.
“Mən deyirəm ki, insanlara əmək haqqı verilmir. Əgər kimin buna şübhəsi varsa, gedib yerindəcə maraqlana bilər. Savadsız məsələsinə gəlincə, bu fikirlərin müəllifi bu cür ifadələr işlətməkdənsə, gedib insanların problemini həll etsin. Hər halda, kimin necə olduğunu cəmiyyət gözəl bilir”. Bu fikirləri isə İ.İsrafilov Şirkət prezidentinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən dilə gətirdi.
Dövlət Statistika Komitəsi “Azərikimya” rəhbərliyini təkzib edir
Bu yaxınlarda mətbuata açıqlamasında “Azərikimya” Dövlət Şirkətinin prezidenti bildirdi ki, dünya iqtisadi böhranı şirkətin fəaliyyətinə az təsir edib: ”Dünya iqtisadi böhranı şəraitində «Azərikimya» Dövlət Şirkəti 8 minə yaxın kimyaçının iş yerinin qorunub-saxlanması və onların işlə təmin edilməsi üzrə stabilliyə nail ola bilib və artıq kimya müəssisələri normal iş rejimində işləyir”.
Maliyyə krizisi ilə əlaqədar ilin əvvəlindən müəyyən tədbirlər gördüklərini deyən M.Kərimov bildirmişdi ki, mövcud qurğu və avadanlıqların səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən sonra ekoloji şəraitin daha da yaxşılaşdırılmasına nail olunub.
“Daxili imkanlarımızdan istifadə edərək artıq bir neçə aydır ki, normal iş rejimində işləyirik. İlin əvvəlindən 3-4 ay ərzində zavodların iş rejiminin azalmasına baxmayaraq, bu gün artıq biz lazımi səviyyə çıxmışıq” deyə M.Kərimov qeyd etmişdi.
Dövlət Statistika Komitəsinin bu günlərdə verdiyi məlumat isə Şirkət prezidentinin açıqlamaları ilə bir qədər zidiyyətli görünür. Komitənin məlumatına görə, bu ilin ilk on ayı ərzində Azərbaycanda kimya sənayesində, rezin və plastik kütlə məmulatları istehsalı müəssisələri tərəfindən 135,8 mln. manatlıq məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 40,5 faiz, rezin və plastik kütlə məmulatları istehsalında isə 14,6 faiz azalıb.
Əsas kimya məhsullarından azotun, propilenin, polietilenin, izopropil spirtinin istehsalı da aşağı düşüb.
Bəs iki ayın maaşları?
Bu günə kimi isə Şirkət işçiləri ilin əvvəlindən qalan iki aylıq əməkhaqlarını ala bilmirlər. Baxmayaraq ki, Şirkətin Aparat rəhbəri Süleyman Vəzirov hələ 3 ay öncə qəzetimizə açıqlamasında problemin həlli istiqamətində şirkət rəhbərliyinin səylər göstərdiyini və yəqin ki, ən qısa zamanda əməkhaqlarını alacaqlarını bildirmişdi.
Dünən isə Dövlət Şirkətinin Aparat rəhbəri S.Vəzirov əməkhaqları ilə bağlı “168 saat”a bunları deyib: “Bu məsələ ilə bağlı hökumətə müraciət olunub. Problem şirkət rəhbərliyinin diqqət mərkəzindədir və vəziyyət sabitləşdikcə, əməkhaqları ödəniləcək”.
Qeyri-rəsmi mənbədən daxil olan məlumata görə isə Nazirlər Kabinetinə problemin həlli istiqamətində lazımi tədbirlərin görülməsi tapşırılsa da məsələ açıq olaraq qalır.
“168 saat”