Azərbaycanın neft sənayesinin dinamik inkişafı respublikamızın kimya sənayesinin daha müasir, mütərəqqi texnologiyalar əsasında yenidən qurulmasına zəmin yaratmışdır. ARDNŞ-nin «Azərikimya» İB-də istehsalat potensialının artırılması, dünya bazarına daha keyfiyyətli və daha çox çeşiddə kimya məhsullarının çıxarılması məqsədi ilə yeni texnoloji layihələr hazırlanmışdır. Birliyin Etilen-polietilen zavodunda bu istiqamətdə başlanılmış işlər uğurla davam etdirilir. Mövcud qurğularda mərhələlərlə rekonstruksiya aparılır. Zavodun istehsalat potensialının artırılması üçün mövcud «EP-300» kompleksində aparılan rekonstruksiya işləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Görülən tədbirlər nəticəsində tamamilə yeni xammal növlərinin – neftin əvvəllər bu kompleksdə istifadə olunmamış müxtəlif fraksiyalarının emal edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Etilen-polietilen zavodunda yeni bir istehsalat sahəsinin – polipropilen kompleksinin və bu məqsədlə yeni qazayırma qurğusunun tikilməsi də planlaşdırılır. Müəssisəyə daxil olacaq yeni xammal və yarımfabrikatların məhz həmin qazayırma qurğusu vasitəsilə müxtəlif fraksiyalara ayrılaraq sonrakı emal üçün polipropilen kompleksinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, yeni yaradılacaq qazayırma qurğusu butan-butilen fraksiyasının tam hidrogenləşdikdən sonra nafta ilə birlikdə «EP-300» kompleksində emal olunmasına imkan verəcəkdir. Propan-propilen fraksiyası isə qazayırma qurğusunda təmiz propilenə ayrılacaq və sonrakı proses üçün yeni tikiləcək polipropilen kompleksinə ötürüləcəkdir. Yeni layihələr üzrə tikiləcək qurğular sayəsində əsas xammalların – qiymətli neft fraksiyaları olan propan-propilen, butan-butilen və quru qazın emal dərinliyi artırılacaq, məhsulların çeşid müxtəlifliyi təmin olunmaqla yüksək məhsuldarlıq əldə ediləcəkdir. Etilen-polietilen zavodunun perspektiv inkişafı üçün texnoloji infrastruktur layihələrinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bu məqsədlə ilk növbədə «EP-300» istehsalatında yeni dövri su sisteminin yaradılması və azot-oksigen qurğusunun inşası planlaşdırılır. Hazırda həmin sahələr üzrə layihə işlərini həyata keçirmək üçün «Azərikimya» İB-nin rəhbərliyi texnoloji lisenziyalara malik layihə təşkilatları ilə danışıqlar aparır. Bütün bu layihə işləri həyata keçirildikdən sonra Etilen-polietilen zavodunun stabil işi təmin ediləcək, onun istehsal gücü əhəmiyyətli dərəcədə artacaqdır.