ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin fəaliyyətdə olan müəssisələrində və yaxın dövrlərdə tikintisi nəzərdə tutulmuş yeni, daha müasir qurğu və obyektlərin inşaat işlərində çalışmaq üçün inşaatçı-mühəndislərin, eləcə də ixtisaslı fəhlələrin işə qəbulu üzrə sınaq müsabiqəsi keçirilmişdir. Sınaq yoxlama imtahanının I mərhələsində 30–a yaxın gənc mütəxəssis, o cümlədən bu sahədə müəyyən iş təcrübəsinə malik mühəndis və fəhlələr iştirak etmişlər. Müsabiqə iştirakçıları 25 dəqiqə ərzində test üsulu ilə 25 sualı cavablandırmışlar. Yoxlamanın nəticələri “Azərikimya” İB-nin təcrübəli mütəxəssislərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılacaq fərdi sınaq söhbətindən və namizədlərin istehsalat sahəsində iş təcrübəsi yoxlanıldıqdan sonra məlum olacaq. Müsbət nəticə əldə edən, lakin ilk mərhələdə müsabiqədən keçə bilməyən namizədlər isə “Azərikimya”nın ehtiyat işçi fonduna daxil ediləcəklər.