ARDNŞ-in tabeliyində olan “Azərikimya” İstehsalat Birliyinin kollektivi ilin birinci yarısını yaxşı istehsal göstəriciləri ilə başa çatdırmışdır. “Azərikimya” İB-dən AzərTAc-ın müxbirinə bildirmişlər ki, kimyaçılar hesabat dövrünün əmtəə məhsulu istehsalı üzrə proqnoz-tapşırığı artıqlaması ilə – 125,5 faiz yerinə yetirmişlər ki, bu göstərici ötən ilin oxşar dövrünün istehsal həcmindən 40 faiz çoxdur.
Mütəxəssislərin fikrincə, uğuru şərtləndirən əsas amil kimya müəssisələrinin Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərəçarpan müsbət meyillərin əsasını qoymuşdur. Texnoloji intizamın möhkəmlənməsi, istehsalat müəssisələrindən səmərəli istifadə olunması, enerji daşıyıcılarının qənaətli xərclənməsi və s. bu ilin iyununda, eləcə də ilin birinci yarısı boyu birliyin bütün müəssisələrinin yüksək nəticələrə nail olmalarına imkan yaratmışdır.
Məsələn, etilen-polietilen zavodunda mövcud potensialdan maksimum istifadə etməklə, son illərdə ən sanballı nəticə əldə olunmuş, müəssisədə etilen, polietilen, propilen və butilen fraksiyasının istehsal həcmi 45-60 faiz artmışdır. “Azərikimya” İB-nin rəqabətədavamlı məhsulu bir çox ölkələrə, o cümlədən MDB, Baltiya ölkələrinə, habelə İtaliya, Rumıniya, Türkiyə, Çin və digər ölkələrə ixrac olunur.
Qeyd edək ki, 6 minədək adamın çalışdığı “Azərikimya” İB-nin tabeliyindəki səkkiz qurum və dörd müəssisə baş ofislə yanaşı, Sumqayıtda yerləşir. AzərTac, Ətrabə Rzayeva
“Azərikimya” İB ilin birinci yarısı üçün proqnoz-tapşırığı 125,5 faiz yerinə yetirilib
•
798