“Azərikimya” İB-nə işə qəbul prosesi davam edir

861

“Azərikimya” İstehsalat Birliyində nəqliyyatçıların işə qəbulu üzrə üçüncü test-sınaq imtahanı keçirilib

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində nəqliyyat sahəsi üzrə gənc kadrların işə qəbulu ilə bağlı üçüncü dəfə test üsülu ilə sınaq müsabiqəsi keçirilmişdir. Müsabiqədə iştirak etmiş 50-yə yaxın gənc 25 suala cavab vermişdir. Test yoxlamasında peşə hazırlığı ilə yanaşı təhlükəsizlik texnikası üzrə suallar da cavablandırılmış, iddiaçılar həmçinin yeni nəqliyyat vasitələrində tətbiq olunan kompüter-idarəetmə sistemi ilə tanışlıq səviyyələrini nümayiş etdirmişlər. Nəqliyyat sahəsi ilə bağlı işə qəbul zamanı ciddi və məsuliyyətli yanaşma ilk növbədə xüsusi texnikadan səhvə, qüsura yol verilmədən istifadə etməklə onun il boyu tam işlək, normal vəziyyətdə saxlanılması tələbindən irəli gəlir. Müsabiqə qaydalarına əsasən, birinci mərhələdə uğur qazanan iddiaçılar ikinci mərhələdə “Azərikimya” İB-nin nəqliyyat sahəsi üzrə təcrübəli mütəxəssislərindən və Sumqayıt şəhər Polis İdarəsinin Yol Polisi şöbəsinin əməkdaşlarından təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılacaq fərdi sınaq-yoxlama müsahibəsinə dəvət olunacaqlar. Bilik və bacarığı komissiya tərəfindən yüksək qiymətləndirilən mütəxəssislər Birliyin nəqliyyat sahəsində müvafiq işlə təmin olunacaqlar. Qeyd edək ki, ARDNŞ-nin struktur tərkibinə daxil edildikdən sonra “Azərikimya” İB-də Nəqliyyat və Xüsusi Texnika İdarəsi yaradılmış və həmin idarə üçün son bir ildə 60-a yaxın iri tonnajlı yük maşını, qaldırıcı kran, traktor, ekskavator, həmçinin avtobus və digər nəqliyyat vasitələri alınmışdır. Onların bir çoxu, xüsusilə Almaniyadan alınmış, yükqaldırma hündürlüyü 70 metrə yaxın olan 60, 100 və 200 tonluq qaldırıcı kranlar kompüterlə idarəetmə sisteminə malikdir ki, bu da onları idarə edəcək mütəxəssislərdən yüksək peşə vərdişi ilə yanaşı xüsusi hazırlıq, dəqiqlik və əməliyyat cəldliyi tələb edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Məhəmməd
    İyun 11, 2011 - 21:34

    Salam. Mən sizin “Azərikimya” istehsalat birliyinə işə düzəlmək üçün müraciət edirəm. 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilliyəm. 3 nömrəli Peşə liseyini “kompyuter üzrə operator” ixtisası üzrə bitirmişəm. “B, C” kateqoriyalı professional sürücülük vəsiqəm var. 2009-2010-cu illərdə cəbhə bölgəsində “Kompyuter operator” vəzifəsində xidmət etmişəm. Sizdən artıq dərəcədə xahiş edirəm, məni öz müəssisənizdə işlə təmin edəsiniz. Ailə vəziyyətimiz çox çətindir. Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə müraciətimi şərh yerindən yazdığım üçün üzr istəyirəm.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər