Baharın gəlişi «Azərikimya» İstehsalat Birliyinin əməkçilərinin istehsalatla yanaşı yaz qayğılarını da artırmışdır. Son iki ildə ətraf mühitin qorunmasına, ekologiyanın yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xüsusi diqqət yetirən kimyaçılar Sumqayıtın sənaye zonasının geniş bir ərazisində 80 minə yaxın ağac əkib-yetişdirərək, onlara daim qulluq göstərirlər.
Ötən şənbə günü keçirilmiş növbəti iməcilikdə Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Anbar Təsərrüfatının, Nəqliyyat və Xüsusi texnika, həmçinin Təmir-tikinti idarələrinin 1000-ə yaxın əməkçisi yüksək fəallıqla iştirak etmişdir.
İməcilik zamanı müəssisələr üzrə ayrılmış sahələrdə minlərlə ağaca aqrotexniki qulluq göstərilmiş, onların dibləri yumşaldılmış və alaq otlarından təmizlənmişdir. Birlik müəssisələrinin daxili ərazilərində də yaşıllıq sahələrinə qulluq edilmiş, təmizlik işləri aparılmışdır.