«Azərikimya» İstehsalat Birliyinin Mexaniki-təmir zavodunda daha bir yeni dəzgah – müəssisədə ilk dəfə olaraq 5 metrə qədər uzunluğa malik qovşaq və hissələrin mexaniki emalına imkan verən DİP-400 markalı torna dəzgahı quraşdırılaraq, istifadəyə verilmişdir. Bununla da əvvəllər yalnız 3,2 metrə qədər ölçüdə hissələrin təmir və bərpa olunduğu müəssisənin texniki imkanları və potensialı daha da artmışdır.
Müxtəlif funksiyaların – yonma, deşmə, yivaçma əməliyyatlarının yerinə yetirildiyi yeni dəzgah Birliyin müəssisələrində istismarda olan texnoloji və mexaniki avadanlıqlarının təmirə ehtiyacı olan müxtəlif konfiqurasiyalı detallarının, o cümlədən turbokompressorların böyük ölçülərə malik porşen və oymaqlarının, val və şpindellərinin, düz, silindrik və konusvari səthlərə malik müxtəlif hissələrin və s. yüksək dəqiqlik və təmizlik dərəcəsi ilə emalına imkan verəcəkdir. Yeni dəzgah həm də eneri sərfi baxımından sərfəlidir ki, bu da qənaət rejiminə diqqətin son vaxtlar daha da artdığı «Azərikimya» İB üçün mühüm əhəmiyyət kəsb edir.
Son dövrlərə qədər dəzgah parkı ancaq fiziki və mənəvi baxımdan köhnəlmiş dəzgahlardan ibarət olan Mexaniki-təmir zavodunun dəzgah parkı son bir-neçə ay ərzində artıq ikinci yeni və müasir tipli dəzgahla təmin olunaraq genişləndirilmişdir. Bundan əvvəl quraşdırılmış «Laqun» markalı kompüter sistemli dəzgah və yeni işə salınmış DİP-400 Birlik müəssisələrinin sifarişlərinin daha tez və keyfiyyətlə yerinə yetirilməsində, texnoloji və mexaniki avadanlıqların mövcud texniki tələblər və standartlar səviyyəsində təmir və bərpasında mühüm rol oynayacaqdır.
Artıq üçüncü ildir ki yeniləşmə və müasirləşmə proseslərinin uğurla aparıldığı Birliyin sifarişi ilə gələn il Mexaniki-təmir zavodu üçün daha bir-neçə yeni, müasir tipli dəzgahlar – kiçik ölçülü, mürəkkəb konfiqurasiyalı detalların emalı üçün torna dəzgahı, metalkəsən qilyotin və s. sifariş verilmişdir. Dəzgah parkının yeni və müasir emal dəzgahları ilə genişləndirilməsi ilə yanaşı Sumqayıt Təlim-Tədris Mərkəzində onları məharətlə, mükəmməl idarə edə biləcək gənc tornaçıların, frezerçilərin, çilingərlərin və s. ixtisaslı gənc kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir.
«Azərikimya» İB -nin Mexaniki-təmir zavodunun dəzgah parkı genişlənməkdə davam edir
•
958