Bu günlərdə “Azərikimya” İB-nin təşkilatçılığı ilə “Beynəlxalq kimya ili” çərçivəsində Sumqayıt şəhərinin nümunəvi təhsil müəssisələrindən olan “İdrak” məktəb-liseyində “Ekoloji bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Həftə boyu davam etmiş tədbir zamanı məktəb-liseyin radio qovşağından Azərbaycan, rus və ingilis dillərində şagirdlərin ifasında ekoloji mövzuda çıxışlar səsləndirilmiş, həmçinin “Təbiət düşünür, düşündürür” devizi altında rəsm müsabiqəsi təşkil edilmişdir. “İdrak” məktəb-liseyi və Sumqayıtın digər məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən “Təbiətin mühakiməsi” adlı ekoloji məhkəmə, habelə “Ekologiyanı pozan iş adamlarıdır, yoxsa sıravi vətəndaşlar?” mövzusunda məktəblərarası debat daha böyük marağa səbəb olmuşdur. Tədbir zamanı mərkəzi Finlandiyada yerləşən ENO təşkilatının fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmiş, təşkilatın rəmzi mahnısı şagirdlər tərəfindən xorla ifa olunmuşdur. Vurğulanmışdır ki, “İdrak” məktəb-liseyi 2 ildir bu nüfuzlu təşkilatın üzvüdür. İnsanları ətraf mühitin qorunması istiqamətində birləşdirən bu təşkilatın üzvləri tərəfindən indiyə kimi 4 milyon ağac əkilmişdir. Əkiləcək ağacların sayının 100 milyona çatdırılması planlaşdırılır. “Ekologiya həftəsi”nin son günündə tədbir iştirakçıları tərəfindən “Azərikimya” İB-nin həyətində və “İdrak” məktəb-liseyinin bağında iməcilik keçirilmiş və müxtəlif tinglər, bəzək ağacları, gül kolları əkilmiş, onlara qulluq edilmişdir. Həmin gün tərəflər yekun məruzələrlə çıxış etmiş, fərqlənən şagirdlərə “Azərikimya” İB-nin diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur.