RDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində də Azərbaycanın soyqırım qurbanlarının anım mərasimləri keçirilir. “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Birliyin Mexaniki-təmir zavodunda keçirilmiş tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edənlər vurğulamışlar ki, 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran, Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında erməni vandalları görünməmiş vəhşiliklər törətmişlər. Qeyd olunmuşdur ki, həmin günlərdə Azərbaycanın minlərlə kəndi yerlə-yeksan edilmiş, 100 minlərlə azərbaycanlı faciə qurbanına çevrilmişdir. Soyqırım qurbanlarının anım mərasimində diqqətə çatdırılmışdır ki, tarix boyu ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar olmuşdur. Qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indiki Ermənistan ərazisindən – min illər boyu yaşadıqları dədə-baba torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmış, viran edilmişdir. Mərasimdə xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılmış, onların siyasi riyakarlığı, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır. “31 Mart -Azərbaycanlıların soyqırımı günü” ilə bağlı anım mərasimləri “Azərikimya” İB-nin “Üzvi sintez” və Səthi aktiv maddələr zavodlarında, “Kimyaelmitədqiqatlayihə” Institutunda, Təmir-tikinti, Nəqliyyat və Xüsusi texnika İdarələrində, Anbar təsərrüfatında da keçirilmişdir. Xatirə tədbirinin “Etilen-polietilen” zavodunda da keçirilməsi nəzərdə tutulmuşdur.