ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Baş Ofisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Dahi öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Azərikimya” İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış etmişdir. O, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına çatmasında, respublikamızın iqtisadi cəhətdən qüdrətlənməsində, xalqımızın maddi-rifah halının yaxşılaşmasında, eləcə də Sumqayıt şəhərinin neft-kimya kompleksinin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. Tədbirdə dahi öndər Heydər Əliyevin Azərbaycanın bütün bölgələrinə göstərdiyi diqqət və qayğıdan danışan natiqlər bildirmişlər ki, Sumqayıtın inkişafı, tərəqqisi bilavasitə onun adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində 16 dəfə Sumqayıta səfər etməsi, hər səfərinin əlamətdar hadisə ilə yadda qalması bunun bariz nümunəsidir. Dahi rəhbərin kimya sənayesinə göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, hazırda ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə prosesinə start verildiyi və bu istiqamətdə intensiv tədbirlər həyata keçirildiyi xatirə tədbirində xüsusi qeyd olunmuşdur.