Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi kimyəvi məhsulların satışına başlayıb.
Şirkətdən verilən məlumata görə, İstehsalat Birliyi satışa 190 ton qliserin, 19 ton optofosfat turşusu, 2 ton kalium qələvisi, 14 ton natrium bixromat, 63 ton MLSP-R polimeri, 317 ton dixloretan və 2 505 ton əhəng daşı çıxarıb. Sözügedən kimyəvi məhsullarını alışında maraqlananlar «Azərkimya» İstehsalat Birliyinə müraciət edə bilər ( +99412 5212521 , +99418 65-5-96-37 ).
Qeyd edək ki, qliserin qida sənayesində, tütün istehsalında, tibb sahəsində, toxuculuq, lak və boya sənayesində, kənd təsərrüfatında, elektrotexnika və radiotexnika sahəsində istifadə olunur.
Optofosfat turşusu lehimləmə zamanı aşqar kimi (mis, qara metal, paslanmayan polad), molekulyar biologiya sahəsində tədqiqatlar zamanı, paslanmış metal səthlərin təmizlənməsi üçün də istifadə olunur (korroziyanın qarşısını almaq üçün təmizlənmiş səthdə qoruyucu qat əmələ gətirir). Eyni zamanda sənaye soyuducu qurğularında freonların tərkibində köməkçi vasitə kimi də istifadə olunur.
Kalium qələvisi E525 qida əlavələri kimi qida sənayesində, metan qazının alınmasında, məhlullarda turşu qazlarının tutulması və bəzi kationların müəyyən edilməsində, həmçinin maye yuyucu vasitələrinin və kalium duzlarının alınmasında ilkin məhsul kimi istifadə edilir.
Natrium bixromat dəri və xəz sənayesində, kimya sənayesində qeyri-üzvi kimya birləşmələrinin, katalizatorların və xromtərkibli birləşmələrin alınmasında, toxuculuq sənayesində parçaların boyanmasında, digər sənaye sahələrində, kimyəvi reaktivlərin, mühərriklər üçün antifrizin alınmasında, asetilenin təmizlənməsində və qələvi batareyalarda elektrolit kimi istifadə olunur.
Modifikasiya olunmuş MLSP-R polimeri neft və qaz quyularının qazılması zamanı qazma məhsullarının durulaşdırıcısı kimi istifadə edilir.
Dixloretan vinilxlorid, etilendiamin, əczaçılıq preparatlarının istehsalında və həlledici kimi, əhəng daşı isə tikintidə və əhəng südü almaq üçün istifadə edilir.