“Sumqayıt”ın əvəzedici heyəti üçün futbolçular seçilməsi nəzərdə tutulub
Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) tərəfindən Almaniyadan gətirilmiş üç səyyar mini futbol meydançasından biri Sumqayıt şəhərində fəaliyyət göstərən “Kimyaçı” Idman Cəmiyyətinə verilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, eni 20 metr, uzunluğu 40 metr olan, estetik görünüşü ilə göz oxşayan meydança asanlıqla qurulub-sökülmə mexanizminə malikdir.
Meydançanın şəhərin əlverişli əraziyə malik bir sıra məhəllə və mikrorayonlarında quraşdırılması nəzərdə tutulub. Hazırda meydança Sumqayıtın 44-cü məhəlləsində quraşdırılıb. On gün ərzində burada qalması planlaşdırılan meydançada məktəblilər arasında yarışların keçirilməsi planlaşdırılır.
Yarışlar “Kimyaçı” Idman Cəmiyyətinin məşqçilərinin nəzarəti və hakimliyi ilə keçirilir. Səyyar mini futbol meydançasının Sumqayıta gətirilməsi məktəblilərin asudə vaxtının səmərəli təşkilinə xidmət etməklə yanaşı, məhəllə futbolunun inkişafına da təkan verəcək.
Qeyd edək ki, futbol yarışlarında fərqlənən uşaqlar arasından “Azərikimya”nın “Sumqayıt” futbol komandasının 13-17 yaşlılardan ibarət əvəzedici heyəti üçün futbolçuların seçilməsi də nəzərdə tutulub.