Azərbaycan Dövlət Neft Şirkətinin bütün struktur sahələrində olduğu kimi, «Azərikimya»dada insan amilinin, hər bir əməkçinin təhlükəsizliyinin və yerinə yetirilən işlərdə maksimum səmərəliliyə və keyfiyyətə nail olunmasının vacibliyi nəzərə alınaraq, Birliyin müəssisə və idarə rəhbərlərinin və aparıcı mütəxəssislərinin iştirakı ilə ciddi müzakirlərin aparıldığı geniş müşavirə keçirilmişdir.
Tədbirdə son illərdə Birliyin bütün istehsalat sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bir çox səmərəli tədbirlərin, həyata keçirildiyi, yeniliklərin tətbiq edildiyi, kimyaçıların əmək qabiliyyətinin və sağlamlığının qorunmasına daha çox diqqət yetirildiyi, onların hər birinin fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin edilməsi müsbət hal kimi qəbul edilərək, bu sahədə mühüm irəliləyişlərin olduğu qeyd edilsə də, görüləcək işlərin hələ də az olmadığı diqqətə çatdırılmışdır.
Birliyin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi tərəfindən müşavirə iştirakçılarının nəzərinə çatdırılan bəzi nöqsanlar, onların foto – və videosüjetlərlə təqdimatı bu mühüm sahədə işin daha yüksək səviyyədə qurulmasına ehtiyacın olduğunu əyani şəkildə təsdiq etmişdir. Hər bir kimyaçının əməyinin mühafizəsinin, texniki təhlükəsizlik normalarına əməl edilməsinin, bunun üçün isə ilk növbədə iş sahələrinin, xidmət meydançalarının müvafiq standartlar səviyyəsində qurulmasının vacibliyi, bütün bu işlərin prioritet olaraq daim diqqətdə saxlanılması istehsalat rəhbərləri və bu sahəyə cavabdeh olan mütəxəssislər qarşısında zəruri tələblər kimi qarşıya qoyulmuşdur.