15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində – Etilen-polietilen, Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələrində, “Kimyalayihə” İnstitutunda və Anbar təsərrüfatında silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə çıxış edənlər hələ 20 il əvvəl – 15 iyun 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq miissiyasından minnətdarlıq hissi ilə danışaraq qeyd etmişlər ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı oldu. Tariximizə Milli Qurtuluş günü kimi daxil olan 15 iyun təkcə Azərbaycan vətəndaşlarının müsibətlərdən qurtuluş günü deyil, eyni zamanda müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur.
Qeyd edilmişdir ki, Ümummilli liderin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində tənəzzül və durğunluğa son qoyulmaqla inkişafa, tərəqqiyə doğru inamlı addımlar atıldı. Sabitlik və təhlükəsizliyin təmin olunması üçün əsaslı, təxirəsalınmaz tədbirlər həyata keçirildi. Azərbaycanın daxili və xarici siyasətinin istiqamətləri müəyyənləşdi, ölkəmizin beynəlxalq aləmə iqtisadi və siyasi inteqrasiyasının təməli qoyuldu.
Ulu öndərin yeni və müasir Azərbaycanın qurucusu və memarı olmasından, Neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər vurğulamışlar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır.
Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, xalqımıza əmanət olaraq qoyduğu, zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurduğu Azərbaycanın tərəqqisinə həsr etmişdir.
Sabah – iyunun 15-də «Azərikimya» İB-nin əməkdaşları kollektiv şəkildə Ulu öndərin Sumqayıt şəhərindəki möhtəşəm abidəsini və Ümummilli liderin adını daşıyan şəhər parkında yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.