Niderland krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde «Azərikimya» İstehsalat Birliyində olub. Səfirə ilk öncə Azərbaycan neft-kimya sənayesinin yaranma tarixi və inkişafı, Birlik müəssisələrində istehsal olunan kimyəvi məhsullar və onların ixrac coğrafiyası haqqında ətraflı məlumat verilib.
Görüş zamanı «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib ki, «Azərikimya» İB 2010-cu ilin aprelindən ARDNŞ-in tərkibinə verildikdən sonra Birliyin bir çox istehsalat sahələrində yeniləşmə və rekonstruksiya işləri aparılıb, müasir Avropa standartlarına uyğun texnoloji avadanlıqların quraşdırılmasına başlanılıb. Səfirə məlumat verilib ki, son dövr ərzində kimya müəssisələrində ətraf mühitin mühafizəsinə, istehsalatda daha çox ekoloji baxımdan təmiz və iqtisadi cəhətdən səmərəli olan qurğu və avadanlıqların tətbiqinə daha geniş diqqət yetirilir.
Yaxın perspektivdə Azərbaycanda yaradılması nəzərdə tutulan yeni neft-kimya kompleksi, o cümlədən inşasına başlanılacaq Sumqayıt sənaye parkı, orada fəaliyyət göstərəcək çoxprofilli müəssisələr, ölkənin kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olacaq azot gübrəsi zavodunun tikintisi ilə bağlı məlumatlar Niderland krallığının səfirində xüsusi maraq doğurub.
Qonağa «Azərikimya»da yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə yanaşı neft-kimya sənayesi üçün müxtəlif peşə yönümlü təlim-tədris müəssisələrinin yaradılması, respublikanın, eləcə də Sumqayıtın ali təhsil məktəblərində yeni gənc kadrların hazırlanması, gənclərin idman və mədəniyyət sahələrində daha geniş fəaliyyət göstərərək, yeni uğurlar qazanması üçün görülən tədbirlər, həmçinin Sumqayıtda bir neçə idman meydançasının daxil olacağı yeni, mərkəzi şəhər stadion-kompleksinin yaradılması haqqında da məlumat verilib.
Niderland krallığı dipmissiyasının rəhbəri Azərbaycanın son illərdə sürətli iqtisadi inkişafından, ölkəmizin çox böyük iqtisadi potensiala malik olmasından, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan məmnunluğunu bildirib.
Səfir «Azərikimya» İB-də həyata keçirilməkdə olan layihələrin təkcə Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də böyük əhəmiyyəti və faydası olacağını bildirib və gələcəkdə ölkəsinin iş adamlarının da Azərbaycanda reallaşması nəzərdə tutulan layihələrə cəlb edilməsi, birgə müəssisələrin yaradılması perspektivi ilə bağlı fikirlərini söyləyib.
«Azərikimya»da Niderlandın Azərbaycandakı səfiri ilə görüş olub
•
817