«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

781

Görüş zamanı bu ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İstehsalat Birliyi və Qafqaz Universitetinin, həmçinin dünyanın  neft-kimya sahəsi üzrə bir-çox nüfuzlu elm və təhsil mərkəzlərinin, tanınmış elm xadimlərinin və istehsalat rəhbərlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan Beynəlxalq elmi-praktik konfransa hazırlıq və onun təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans zamanı  dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndə­lərinin daha sıx elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin perspektiv inkişafı və yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələlərinin müzakirələrinin aparılması nəzərdə tutulmuşdur. Konfransda neft kimyasının nəzəri və praktiki məsələləri, fiziki və analitik kimyanın aktual  problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s.-lə bağlı müzakirələrin də aparılacağı gözlənilir.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayevvə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç keçiriləcək bu geniş miqyaslı beynəlxalq tədbirlə bağlı görüləcək təşkilati işləri müzakirə edərək, fikir mübadiləsi aparmış, tədbirin bütün iştirakçılar üçün elmi-praktiki baxımdan daha səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürmüşlər.

Konfransda “Petkim Petrokimya Holding” A.Ş.-nin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Qafqaz Universitetinin, Bakı Dövlət Universitetinin,  Türkiyənin  Atatürk və Yıldız Texniki Universitetlərinin, bp-Azərbaycanın və digər təşkilatların nümayəndələri, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş neft-kimya sahəsi üzrə tanınmış kimyaçı-alimlər, neft-kimya istehsalatı rəhbərləri iştirak edəcəklər.

Konfrans üç gün davam edəcək.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər