ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində yüksək texnologiyalı və elektron-kompüter sistemli qurğu və avadanlıqların tətbiqi, istehsalatların modernləşdirilməsi həmin sahələrdə çalışan əməkçilərin, ilk növbədə isə hər bir mühəndis-texniki işçinin texnoloji yenilikləri mükəmməl mənimsəməsi ilə yanaşı, əməyin mühafizəsi tələbləri üzrə də maariflənməsi işinin gücləndirilməsini aktuallaşdırır. Məhz bu səbəbdən Birlik üzrə aparıcı mütəxəssislərin, sex və istehsalat rəislərinin, digər struktur rəhbərlərinin əməyin mühafizəsi uzrə bilik və təcrübələrinin test imtahanları ilə yoxlanması artıq xeyli vaxtdır ki, ciddi sistem üzrə aparılmaqdadır. Xüsusilə mühümdür ki, əməyin mühafizəsi və texniki təhlükəsizliyin müxtəlif spesifik aspektlərini dolğunluğu ilə əhatə edən, işçinin hazırlıq səviyyəsini obyektiv dəyərləndirməyə imkan verən test-sınaq imtahanları formal olaraq deyil, Birliyin baş mütəxəssislərindən ibarət nüfuzlu komissiya tərəfindən aparılır.
İyunun 11-də Birliyin İdarə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin şöbə rəislərinin, baş mütəxəssislərin və aparıcı mühəndislərin daxil olduğu daha bir qrup test sınağından keçmişdir. Mütəxəssislərin test suallarına cavabları onların əməyin mühafizəsi məsələlərinə diqqəti artırdıqlarını, bu sahəyə istehsalatın ayrılmaz və mühüm bir tərkib hissəsi kimi yanaşdıqlarını əyani olaraq təsdiq etdi. Tələbkar imtahan komissiyasının müsbət rəyini almış hər bir işçiyə əməyin mühafizəsi üzrə müvafiq sənədlər verilmişdir.
İmtahan komissiyasının sədri, «Azərikimya» İstehsalat Birliyinin baş mühəndisi – İcraçı direktorun müavini Firudin Mustafayev test sınağından müvəffəqiyyətlə çıxmış əməkdaşları təbrik etmiş, onlara uğurlar arzulamışdır.