ARDNŞ-in Təlim-tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində “Azərikimya” İB-nin ikinci peşə kursunu bitirmiş bir qrup əməkdaşına qazla kəsmə peşəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilmişdir.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodu və Təmir-tikinti İdarəsinin 15 əməkdaşı Təlim-tədris Mərkəzində təşkil olunmuş bir aylıq ikinci peşə kursunda iştirak edərək, Birlik müəssisələrində daha çox ehtiyac duyulan “qazkəsici” ixtisasına yiyələnmişdir. Respublikanın bu sahə üzrə yüksək ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilən praktik təlimlərdən, sınaq-yoxlama işlərindən və test imtahanlarından sonra kursu bitirənlərə beynəlxalq statusa malik sertifikatların verilməsi qərara alınmışdır.
Sumqayıt Təlim-tədris Mərkəzində keçirilən təqdimetmə mərasimində “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Təlim-tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, yeni peşəyə nail olmuş kimyaçıları təbrik etmiş, onlara çalışacaqları yeni sahədə uğurlar arzulamışlar.
Sumqayıt Təlim-tədris Mərkəzində hər il “Azərikimya” İB-nin tələbatına uyğun olaraq təxminən 500 nəfər kimyaçının beynəlxalq standartlara cavab verən ixtisasartırma və ikinci peşə kurslarında iştirak etməsi nəzərdə tutulmuşdur. trend.az