“Azərikimya”nın Mexaniki-təmir zavodu ilk dəfə sutəmizləyici qurğu hazırlamışdır

841

Bu günlərdə “Azərikimya” İB-nin Mexaniki-təmir zavodu ilk dəfə olaraq ekoloji əhəmiyyətli sutəmizləyici qurğu hazırlamışdır.

Ekologiyanın, ilk növbədə dəniz və çayların, həmçinin ətraf mühitin saflığının qorunması məqsədini daşıyan və yaşayış massivlərində, müəssisələrdə, eləcə də fərdi yaşayış sahələrində quraşdırılması nəzərdə tutulan qurğu Çexiyanın “TOPALvater” şirkətinin layihəsi əsasında hazılanmışdır. Avqustun 24-də sutəmizləyici qurğunun ilk nümunəsi əsas sifarişçiyə – “Azneft” İstehsalat Birliyinə yola salınmışdır. Artıq ikinci sutəmizləyici “Topas-75” qurğusu da istehlakçıya göndərilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Hazırda üçüncü qurğunun üzərində tamamlama işləri həyata keçirilir. Qeyd edək ki, Xəzərin suyunun çirklənməsinə yol verməmək üçün ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə dəniz neft mədənlərində quraşdırılması nəzərdə tutulan sutəmizləyici qurğunun Mexaniki-təmir zavodunda istehsalına başlanılması istiqamətində ilk addım hələ iyulun əvvəllərində atılmışdır. Belə ki, həmin vaxt Çexiyanın “TOPALvater” şirkətilə ilkin razılıq əldə edilmiş, həmin şirkətin prezidenti Yan Topalın rəhbərliyi altında nümayəndə heyəti Sumqayıta gələrək Mexaniki-təmir zavodunda “Topas” tipli sutəmizləyici qurğuların istehsalı məsələlərini müzakirə etmişdir. Qısa bir zamanda onların burada yığılması üçün Çexiyadan müvafiq texnoloji tərtibat, müxtəlif detallar və xüsusi ölçülü plastik materiallar göndərilmişdir. Bir müddət sonra bu sahədə kifayət qədər təcrübəyə malik Kiyevin “KMK Qrupp” müəssisəsinin bir qrup mütəxəssisi Sumqayıtda olmuş və Mexaniki-təmir zavodunda “Topas-50” və “Topas-75” tipli sutəmizləyici qurğuların yerli şəraitdə istehsalı üçün “Azərikimya” İB-nin mütəxəssisləri ilə birlikdə çalışmışdır. Kanalizasiya və tullantı sularının, həmçinin aşındırıcı xüsusiyyətə malik maye axıntılarının təmizlənməsi üçün ən yaxşı və səmərəli vasitə olan bu qurğuların istehsalı, qurğunun müvafiq texnoloji qaydalar əsasında və ardıcıl olaraq yığılması prosesini yerli mütəxəssislərə öyrətmək məqsədi ilə Çexiyanın Çaslav şəhərindəki müəssisənin yüksək dərəcəli qaynaqçı və çilingərləri avqust ayının sonunadək Sumqayıta ezam olunmuşlar. Ötən müddət ərzində Mexaniki-təmir zavodunun mühəndis və fəhlələri sutəmizləyici qurğuların yığılması və ilk dəfə olaraq xüsusi texnologiya tələb edən plastik materialların qaynaq edilməsi proseslərini mükəmməl mənimsəmişlər. Qeyd edək ki, qabariti o qədər də böyük olmayan, istənilən yerdə və səviyyədə quraşdırılması mümkün olan sutəmizləyici qurğuların detallarının müəyyən hissəsinin yaxın zamanlarda Mexaniki-təmir zavodunda hazırlanması planlaşdırılır. Respublikada istehsalı ilk dəfə başlanılmış təmizləyici qurğulardan il ərzində ən azı 50 dəst hazırlanması nəzərdə tutulmuşdur. Ekologiya və əlverişli istismarı baxımından səmərəli olan bu qurğularının istehsalının gələcəkdə daha da artırılacağı istisna edilmir. Bu isə dəniz və çay sularının, bütünlükdə ətraf mühitin qorunması ilə yanaşı, müəssisənin istehsalat göstəricilərinin və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rol oynayacaqdır.

SOCAR.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər