«Azərikimya» İstehsalt Birliyinin nümayəndə heyəti neft-kimya istehsalatı üçün kadr hazırlığı və təcrübə mübadiləsi məsələləri ilə bağlı bugünlərdə Türkiyənin «Petkim Petrokimya Holding» Şirkətində olmuş və bir sıra işgüzar görüşlər keçirmişdir.
«Petkim» rəhbərliyi ilə görüş zamanı «Azərikimya» ilə gənc kimyaçı kadrların peşə hazırlığının artırılması sahəsində birillik əməkdaşlığın nəticələri təhlil olunmuş, yaxın perspektivdə bu istiqamətdə görüləcək işlər, onların səmərəsini artırmaq yolları müzakirə edilmişdir.
Keçirilən birgə müşavirədə «Azərikimya» üzrə təcrübə mübadiləsinə ehtiyacın daha çox olduğu vəzifə və peşələr təhlil edilərək, qısa müddət ərzində «Petkim»in kadr hazırlığı departamentinə müvafiq sənədin təqdim edilməsi qərara alınmış, hər iki müəssisənin kadr hazırlığı üzrə mütəxəssisləri tərəfindən ilkin təcrübə proqramının hazırlanmasının və onun əsasında 2 il müddətində hər yarım ildən bir bu cür işgüzar görüşlərin təşkil edilməsinin vacibliyi vurğulanmışdır.
«Petkim Petrokimya Holding» Şirkətlər qrupunun baş direktoru Hayati Öztürklə keçirilən görüşdə hər iki tərəf belə bir optimal proqram yaradıldıqdan sonra partnyor müəssisələr arasında təcrübə mübadiləsinin daha çox fayda verəcəyi, istehsalat sahələrində iş rejimi, əmək intizamı və təhlükəsizlik qaydaları ilə bağlı görülən profilaktik tədbirlər və ümumilikdə «Petkim»də tətbiq olunan motivasiya və qiymətləndirmə sistemi barədə müzakirələr və fikir mübadiləsi aparılmışdır.
«Azərikimya»nın nümayəndələri «Petkim»in istehsalat sahələrinə baxış keçirmiş, onun elektron-kompüter sistemli idarəetmə mərkəzində olmuş, burada istehsalat təcrübəsində olan sumqayıtlı kimyaçı mütəxəssislərlə görüşərək, onların təcrübə prosesi, müasir tələblər səviyyəsində yaradılmış iş və məişət şəraiti ilə yaxından tanış olmuşlar.