Dünən – Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaranış günündə «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyi Teatrda yaradıcı kollektivlə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Sumqayıt Teatrının direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Mehman Şükürov hələ 44 il əvvəl – 1969-cu il martın 14-də gənclik şəhərinin ilk Dövlət Dram Teatrının yaranması tarixindən, o zaman əsasən Bakı Dövlət İncəsənət İnstitutunu yenicə bitirmiş məzunlardan ibarət yaradıcı truppanın qısa bir zamanda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini səhnələşdirməsindən və ilk tamaşanın anşlaq şəraitində böyük uğurla keçməsindən söhbət açmış, bu günədək teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir əsərləri əsasında 200-dən artıq tamaşanın göstərildiyi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, kollektivin qastrol coğrafiyası təkcə Azərbaycanın bölgələri ilə məhdudlaşmır, Teatrın görkəmli rejissorları Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, Rövşən Almuradov və digərləri tərəfindən yüksək sənətkarlıqla səhnələşdirilmiş tamaşalar MDB və xarici ölkələrdə nümayiş etdirilmiş və kollektiv bir çox teatr festivallarının qalibi olmuşdur.
Sumqayıt Teatrında öz yüksək aktyorluq məharətləri və ustalıqları ilə xalqımızın böyük rəğbətini və sevgisini qazanmış ustad sənətkarlar – Valeh Kərimov, Afaq Bəşirqızı, Məzahir Süleymanov, Vaqif Əliyev kimi Azərbaycanın xalq artistləri, Səmayə Sadıqova, Kamil Məhərrəmov, Kazım Abdullayev, Növrəstə Həşımova, Ulduzə Nəsirova, Hicran Mehbalıyeva, Fəranə Musayeva, Namis Şirməmmədov kimi Əməkdar artistlər və digər istedadlı aktyorlar nəsli yetişmişdir.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli teatrı olan Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi ilə «Azərikimya»nın sıx əməkdaşlıq əlaqələrindən məmnun olduğunu bildirmiş və sumqayıtlıların, eləcə də kimyaçıların bədii zövqünün, teatr intellektinin, dünyaya və ictimai-siyasi hadisələrə baxışının formalaşmasında böyük rolu olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, zəngin və əlvan repertuara malik Sumqayıt Teatrının hər bir yeni tamaşasına kimyaçıların kollektiv şəkildə baxışı artıq bir ənənə halını almışdır.
Görüşdə «Azərikimya» İstehsalat Birliyinin kollektivi adından Teatrın yaradıcı kollektivinə hədiyyələr təqdim edilmiş və birgə xatirə şəkilləri çəkilmişdir. Axşam saatlarında isə tamaşaçıların əksəriyyətinin «Azərikimya» müəssisələrinin əməkçilərinin olduğu, 44 il əvvəl elə martın 14-də teatrsevərlərə təqdim edilmiş «Müsyö Jordan və Dərviş Məstəli şah» tamaşası göstərilmişdir.