Sumqayıt şəhər Paralimpiya İdman kompleksində Ulu öndər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinin açılış mərasimi keçirilmişdir.
2012-ci il – «İdman ili» çərçivəsində keçirilən, idmanın mini-futbol növünün kütləviləşdirilməsi və əməkçilərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən yarışlarda şəhərin 30-dək müəssisəsinin, o cümlədən «Azərikimya» İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı, «Bismak» Qida-sənaye kompleksi, «Azərboru» ASC, FHN-nin Sumqayıt şöbəsi, Sumqayıt Dövlət Universiteti, Beynəlxalq Bank və Bank of Baku, şəhər Təhsil və Səhiyyə şöbələrinin, Elektrik şəbəkəsi və Qaz-istismar İdarəsinin komandaları birincilik uğrunda mübarizəyə qoşulmuşlar.
Sumqayıt şəhər rəhbərliyinin, millət vəkillərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanaraq, açıq elan edilmiş, gənc müğənnilərin bir-birindən maraqlı çıxışları ilə davam etdirilmişdir. İştirakçıların alqış sədaları altında yarışda iştirak edən komandalar zala daxil olmuşlar.
Rəsmi hissədən sonra mərasim iştirakçıları Paralimpiya İdman kompleksinin mini-futbol meydançasında komandaların nümunəvi oyununa tamaşa etmişlər.
«Azərikimya» İB-nin 2 komanda ilə təmsil olunduğu yarışlar hər birində 7 komanda olmaqla 4 yarımqrup üzrə şəhərin 4 mini-futbol meydançasında keçiriləcək, mayın 10-da – ulu öndər H.Əliyevin ad günündə yarışlara yekun vurulacaqdır.
«Azərikimya» İB-nin və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və dəstəyi ilə keçirilən yarışlar, AFFA tərəfindən ayrılmış xüsusi hakimlər briqadası tərəfindən idarə olunacaq və I, II, III və IV yeri tutmuş komandalar qiymətli hədiyyələr və «Azərikimya» İB-nin, həmçinin şəhər Gənclər və idman Baş idarəsinin Fəxri fərmanları ilə təltif olunacaqlar.