“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.
Oxu.Az xəbər verir ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb:
“QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.
Əlavə edək ki, hazırda daha beş əməkdaşımız xəstəxanada müalicə alır, bir nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.
Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.