Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov Modern.az-a açıqlama verib.
Oxu.Az xəbər verir ki, keçmiş sədr ölkə başçısının qərarının müzakirə olunmadığını bildirib:
“Cənab prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.
A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:
“Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.
A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib:
“Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.
Tərcümeyi-halında bildirilir ki, Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb, 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar fakültəsini bitirib.
Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.
İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.
Evlidir, üç övladı var.