Dekabrın 13-də Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-ün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdiriliblər. Hər iki xəstəxanada uşaqlar müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi uşaq bağçasında baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. APA-ya daxil olan məlumatda bildirilir ki, hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar edilib. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
«Ya ətdən zəhərləniblər, ya da şorba köhnə olub. Alüminium qazanda saxlayıblar».
Bağçada qidadan zəhərlənən uşaqlardan birinin valideyni İradə Həsənova «Azadlıq Radiosu»na belə deyib. İradə Həsənova deyir ki, səhər oğlunu bağçaya yola salanda uşaq tam sağlam olub:
«Uşaq bağçadan qayıdandan sonra qusmağa başladı. Əvvəl şübhələnmədik. Sonradan başqa valideynlər də zəng elədilər ki, uşaqları qusur. Müəlliməsi də zəng edib uşağın halını soruşdu. Başa düşdük ki, bağçadakı uşaqlar nədənsə zəhərləniblər. Uşaq səhər yaxşı idi. Bağçada da ətli makaron şorbası yeyib».
İradə Həsənova oğlunu evdə bildiyi üsulla müalicə edib. Amma zəhərlənən uşaqlardan 13-ü – 2 saylı Uşaq və 7 saylı Şəhər Xəstəxanalarına yerləşdirilib.
«Zəhərlənmənin dəqiq səbəbi analiz nəticələrindən sonra bilinəcək». Bunu «Azadlıq Radiosu»na 2 saylı Uşaq Xəstəxanasında baş həkimin müavini Eldar Rəhimov deyib: «Dekabrın 13-ü saat 19:30 radələrində xəstəxanaya 13 uşaq gətirilib. Onlardan 11-nin vəziyyəti kafi olduğu üçün xəstəxanaya qəbul olunub. Uşaqların hamısı dünən artıq evə buraxılıb. Uşaqlar bildiriblər ki, onlar günorta bağçada şorbadan başqa heç nə qəbul etməyiblər. Ona görə də, ehtimal olunur ki, uşaqlar elə supdan zəhərləniblər».
138 saylı bağçanın müdirəsi Seyranə Qasımova uşaqların qidadan zəhərlənməsi fikri ilə razılaşmır, bildirir ki, uşaqlara soyuq dəyib:
«Bu, zəhərlənmə deyil, soyuqdəymə ilə bağlı olub. Uşaqlarda mədə-bağırsaq pozuntusu yaranıb. Ərzağı «Zirvə» MMC-dən alırıq, keyfiyyətində də hər hansı problem yoxdur. Yeməyi isə özümüz hazırlayırıq».
Bu ilin avqustunda Bakıdakı uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Bağçaların qida təminatı ilə bağlı tenderi icra hakimiyyəti elan edir. İcra hakimiyyətindən müsahibə üçün ilk cəhdlərimiz nəticə vermədi. Lakin ötən il «Azadlıq Radiosu»nun araşdırmışdı ki, cəmi bir nəfər işçisi olan «Boyat» şirkəti müxtəlif qurumları qida ilə təmin etmək üçün ümumilikdə 1 milyon manatlıq tenderlərin qalibi olub.
Başqa bir valideyn Xalidə Əhmədovanın fikrincə, təhsil müəssisələrindəki yeməklərin keyfiyyətini bilmək üçün iki göz yetər: «Uşaqlarımın oxuduğu məktəbdə «peraşki»ni sovetlər vaxtı istifadə olunan, köhnə sterilizə qablarında bişirirlər. Təsəvvür edin, yağ orda günlərlə qalır, ertəsi gün üzərinə əlavə yağ töküb bişirirlər. Əllərini yumağa belə yerləri yoxdur. Hələ bişirənlər… Onların sağlamlıq durumu ilə, təhsil müəssisələrindəki vəziyyətlə heç maraqlanan yoxdur».
Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov təhsil müəssisələrində qida təminatı ilə bağlı ciddi problemlər olduğunu danmır: «Komitənin 963 saylı Qaynar Xəttinə də bu barədə şikayətlər gəlir. 138 saylı bağçadakı kütləvi zəhərlənmə bu problemlərin tezliklə həll olunması məsələsini gündəmə gətirdi. Uşaq bağçalarında azyaşlılara verilən yeməklər, eləcə də bütün təhsil müəssisələrində satılan qida məhsulları, qida rasionu, qidaların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı işçi qrupu bir ay müddətində milli standart layihəsi hazırlamalıdır».
Milli standart layihəsini dekabrın 4-də yaradılan işçi qrupu hazırlayır. 2013-cü ilin əvvəlində layihənin hazır olacağı nəzərdə tutulur. Qrupa səhiyyə, təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri daxildir.
bizim yol.info