Dekabrın 13-də Binəqədi rayonu 138 saylı uşaq bağçasında uşaqlar kütləvi zəhərlənmə halı qeydə alınıb. Uşaqlar evə qayıtdıqdan sonra valideynləri övladlarının halsız olduqlarını görüblər. Ümumilikdə 230 uşaqdan 13 nəfərinin səhhəti pisləşdiyindən onlar valideynləri tərəfindən Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına “qida zəhərlənməsi” diaqnozu ilə yerləşdirilib. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumatda qeyd olunur ki, hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb. Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar edilib. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bağçada uşaqların zəhərlənməsi isə uşaqlarını bağçalara etibar edən valideynlərdə haqlı narahatlıq doğurub. Bu səbəbdən də Lent.az Binəqədi rayonu 138 saylı uşaq bağçasında baş verən hadisəni geniş araşdırmaqla bu sahədə vəziyyətin nə yerdə olduğunu, hansı addımların atılmalı olduğunu müəyyənləşdirməyə çalışıb.
Arpa yarması şorbası zəhərləyibmiş
Binəqədi rayonu 138 saylı uşaq bağçasında uşaqlar kütləvi zəhərlənməsinin səbəbi artıq məlum olub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, bağçada hər gün bişirilən yeməklərin soyuducuda saxlanılan qalıqlarından nümunələr götürülüb.
Bu qidalar arpa yarması şorbası və makaronlu ət (toyuq əti) xörəyi olub. O cümlədən qap-qacaqlardan da nümunələr götürülüb. Eyni zamanda bağça işçilərinin əllərindən, boğazlarından nümunələr götürülüb. İmran Abdullayev bildirib ki, həmin nümunələrin laborator müayinələrinin nəticələrinə əsasən makaronlu ət nümunəsində, bağçanın rus bölməsində orta qrupda çalışan Gülnarə Mikayılovanın burnunda və Fəridə Elmitusun əsnəyindən götürülmüş rutin nümunələrində, o cümlədən xəstəxanaya yerləşdirilmiş 10 üşağın 8-nin qusuntu materiallarında stafilokokk-arinus bakteriyaları aşkarlanıb. Arpa yarması şorbasında, əşya və qablardan götürülmüş nümunələrdə bağırsaq çöpləri bakteriyaları aşkarlanıb. O qeyd edib ki, qalan ərzaq nümunələrində və içməli suda isə hər şey qaydasında olub.
İmran Abdullayev nəzərə çatdırıb ki, Gigiyena və Epidemiologiya Mərkəzində bişmiş qida qalıqları yoxlanılıb: “Ərzaq məhsulları bişirilmək üçün texniki emaldan keçir, yəni bişirilir. Bişirilmə zamanı orada mikroorqanizm qala bilməz. Hətta arpa yarmasında mikrob olmur, olsa belə, bişirilən zaman qala bilməz, məhv olur. Amma bu mikroorqanizmlərin qidanın içərisində olması bişmiş qidanın çirkləndirilməsi ilə bağlıdır. Ancaq bu çirkləndirmə bişirilən qidanın çox saxlanılması, yoxsa başqa amillə əlaqədardır, bu, araşdırılmalıdır. Orada xəstə insanlar da var. Öncə də dedim ki, iki nəfərin burnundan, əsnəyindən götürülmüş nümunələrdə stafilakok çöpləri aşkarlanıb və bişirilmiş qidaya sonradan bu insanlardan bakteriyalar düşə bilər. Ancaq bunun konkret mənbəyinin aydınlaşdırılması çox çətin məsələdir”.
Günahkar kimdir?…
Məlumdur ki, bu il yanvarın 1-dən bağçalar yerli icra hakimiyyətlərinin tabeçiliyinə verilib. Bəs bağçalarda qidaların keyfiyyətinə nəzarət necə həyata keçirilir? Hətta bişirilmiş qidanın sonradan çirkləndirildiyi mənbənin aydınlaşdırılmasının çətinliyini bir kənara qoysaq belə, axı xəstə bağça işçisi nə üçün işə buraxılır? Bu nəzarət mexanizmi necə olmalıdır? Axı qidaya bakteriyanın məhz o işçilərdən düşdüyü də istisna olunmur?!
Binəqədi Rayon İcra Hakimiyyətinin humanitar şöbəsindən Lent.az-a bildirilib ki, Bakı şəhərində bağçalar Bakı şəhər İcra Hakimiyyətinə tabedir. Ərzaq məsələlərinə nəzarət də məhz Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Binəqədi rayon İcra Hakimiyyəti isə sadəcə, bağçalar rayonun ərazisində yerləşdiyi üçün qaz, işıq və digər kommunal məsələlərdə onlara dəstək olmağa çalışır.
Lent.az-ın Bakı şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxlamaq cəhdləri isə baş tutmayıb. Beləliklə də Bakı şəhər İcra Hakimiyyəti bağçalarda ərzaq məhsullarının, bişirilən qidaların keyfiyyətinə, bağça işçilərinin xəstə halda işə buraxılmamasına nəzarəti hansı mexanizmlə həyata keçirməsini aydınlaşdıra bilmədik.
Ancaq Bakı şəhər İcra Hakimiyyətinin nəzarət mexanizminin necə olmasından asılı olmayaraq, sözsüz ki, bu məsələdə bağça müdirinin üzərinə də ciddi məsuliyyət düşür.
“Özümüz də məəttəl qalmışıq”
Binəqədi rayonu 138 saylı uşaq bağçanın müdiri Sehranə Qasımova Lent.az-a bildirib ki, analizlərin cavabı çıxandan sonra həmin işçiləri bağçadan ayırıb, poliklinikaya göndəriblər. Onun sözlərinə görə, həmin iki şəxs ciddi nəzarət altında müalicə alacaq, müalicədən sonra sağlamlıq arayışları ilə sonra bağçaya buraxılacaqlar.
Seyranə Qasımova bağçadan gigiyenik tələblərə tam riayət olunduğunu da vurğulayıb: “Bağça yeni təmirdən çıxıb. Ərzağın, bişirilən yeməyin saxlanılmasına da nəzarət var. Yeməkdə nə üçün bakteriyanın olması məsələsi bizim üçün də aydın deyil, müəmmalıdır. Hətta mən özüm də İmran Abdullayevdən soruşdum ki, bu, nə ilə əlaqədar ola bilər? Bizdə çirkli qab qalmır. Demək olar ki, bağçamızda anti-sanitariya yoxdur, bura çəkilişə gələn telekanallar da bunu görürlər. Çox məəttəl qalası bir şeydir”.
Ancaq sual ortaya çıxır ki, bağçada ərzaq məhsullarına, yemək bişəndən və bişəndən sonra nəzarət necə olmalıdır, yaxud işçilərə nəzarət necə təşkil edilməlidir ki, xəstə halda bağçaya daxil ola bilməsinlər? Bununla bağlı hər hansı təlimat varmı?
Seyranə Qasımova deyir ki, bağça işçilərinin hamısı 6 aydan bir tibbi müayinədən keçirilir və əgər hansısa xəstəlik aşkar olunarsa, onlar bağçaya buraxılmırlar: “Bütün pedaqoji müəssisələrdə, məktəbdə də, bağçada da bu, belədir. Ancaq işçinin xəstələnməsi 1 həftənin, 10 günün içərisində də baş verə bilər. Ola bilər ki, tibbi müayinədən bir neçə ay əvvəl keçib, o işçidə belə bakteriya, xəstəlik olmayıb, bir gün əvvəl olub. Mən o müəllimənin boğazında nə olduğunu haradan bilim?! Biz bağçaya gələn uşaqların boğazına baxırıq, yoxlayırıq, ancaq müəlliməni yoxlamırıq. Müəllim öskürmür, asqırmır. Əgər müəllim qripdirsə, biz onu bağçaya buraxmırıq, o, müalicəyə gedir. Ancaq o iki müəllimənin heç birində nə asqırma, nə öskürmə, nə də qrip var. Qidaya gəlincə, bağçamızda qidalara nəzarəti həyata keçirən tibb bacısı var. Səhər tibb bacısı, anbardar və baş aşpaz qidaları qəbul edir, ondan sonra yeməyə buraxılır. Tibb bacısı, yaxud özümüz tərəfindən xoşagəlməz nə isə aşkarlanırsa, həmin qida buraxıla bilməz. Amma alınan ərzaqların hamısının üzərində onların saxlama müddəti var. Bağçaya gələn ərzaq məhsullarının saxlama müddətinə də riayət olunur. Mən tək müdir deyil, bir insan kimi də İmran müəllimə bu barədə sual verdim. O dedi ki, bu məsələdə çox versiyalar var. Bakteriya havadan da, əgər boğazda bakteriya varsa, oradan da keçə bilər. Koridordan kimsə keçirsə, oradan da bakteriya keçə bilər. Amma bağçada gigiyenik qaydalara tam riayət olunur və bunu hər kəs gəlib görə bilər. Özümüz də məəttəl qalmışıq…”.
Təhlükəsiz qidanın milli standartı hazırlanır
Ümid edirik ki, Binəqədi rayonu 138 saylı uşaq bağçada baş verən hadisə bağçaların tabeçiliyində olduğu icra hakimiyyəti orqanları üçün də bir həyəcan siqnalı olacaq. Çünki şükür, bu dəfə ölüm halı olmadı. Ancaq arxayınlaşmaq olmaz. Bəlkə bağça işçilərini 6 aydan bir yox, daha tez-tez müayinədən keçirmək lazımdır, yaxud bağça işçiləri hər gün işə gəlməzdən əvvəl yoxlanılmalıdır? Yaxud uşaqlara bağçalarda verilən yeməklərin tam təhlükəsiz olmasına əmin olmaq üçün daha ciddi yoxlama proseduru tətbiq olunmalıdır? Hər halda bağçaların tabeçiliyində olduğu yerli icra orqanları bu məsələ üzərində ciddi düşünməli, Səhiyyə Nazirliyi ilə birgə addımlar atmalıdırlar.
Yeri gəlmişkən, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə İşçi Qrupun yaradılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Əmr imzalanıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən işçi qrupa 1 ay ərzində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün təqdim etmək tapşırılıb.
İşçi Qrupa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilib.
lent.az