“Bakı Metropoliteni” QSC bu gün sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olan fotoşəkillərlə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, metronun “Nəriman Nərimanov” stansiyasındakı görüntü təmas xəttindən cərəyan ayrıldıqdan sonra lentə alınıb: “ “Addım” gənclər təşkilatının müraciəti və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik» və «Nəriman Nərimanov» stansiyalarında «Qaynana» filminin çəkilişləri aparılıb. Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir. Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb”.
Qeyd edək ki, fotolar çəkiliş qrupunun Arzu Əhmədova adlı üzvü tərəfindən paylaşılıb.