Bakı Mühəndislik Universiteti (BMU) ilə Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də sənaye sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması və innovasiya texnologiyalarının sənayedə tətbiq edilməsi məqsədi daşıyan sənəd BMU-da bu ali təhsil ocağının müəllim-tələbə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri arasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə keçirilən görüşdə imzalanıb.
BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən ali məktəbin rektoru, professor Havar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir, müasir texnologiya ilə təchiz olunmuş sənaye parkları yaradılır. Ali təhsil ocaqlarında qabaqcıl texnologiyalarla işləmək bacarığı olan kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdıran rektor universitet-müəssisə əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov elm və təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin qurulmasının daim nazirliyin diqqət mərkəzində olduğunu qeyd edib. Bildirilib ki, yeni yaradılan sənaye parklarının rəqabətliliyinin artırılması üçün elm adamlarının fikirləri vacibdir. BMU-nun da bu sahədə həm potensialı, həm də müəssisələrlə əlaqələr üzrə təcrübəsi var. Ona görə də bu əməkdaşlığın uğurlu olacağına inanıram.
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) direktoru Nazim Talıbov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O deyib: “Ölkəmizin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə var və onlardan 12-si tam fəaliyyət göstərir. Bütün müəssisələr ABŞ, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrin müasir texnologiyaları ilə təchiz olunub. Texnoloji avadanlıqların istifadəsi üçün xarici kadrların istehsalata cəlb olunması üzrə xərclər artırılıb. Universitetlərlə əlaqələrin qurulması kadr hazırlığı işinin uğurla həyata keçirilməsində böyük rol oynayacaq”.
Daha sonra İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, BMU-nun mühəndislik fakültəsinin dekanı Afər Əlifov, memarlıq və inşaat kafedrasının müdiri Sabir Orucov və digər çıxış edənlər universitet-istehsalat müəssisələri əlaqələrinin faydalarından danışıblar.