Dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqəladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin etmək məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında, genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.
Yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.
Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.
Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.
Eyni zamanda, Bakı Dairəvi-1avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.
Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.