Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntü işləri başa çatıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, ərazidə yeni dəmiryolu körpüsünün inşası işlərinə start verilib:
“Artıq yeni körpünün dəmir konstruksiyalı dayaqları quraşdırılıb. Qısa müddət ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Körpünün inşası bu ilin noyabr ayında başa çatdırılacaq.
Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək”.