Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntüsü işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun sözügedən hissəsində hərəkət intensivliyi və vətəndaşların (sakinlərin, sürücülərin) rahatlığı baxımından gecə saatlarında aparılıb.
“Qafqazinfo” xəbər verir ki, nəticədə körpünün aşırım tirləri tam olaraq demontaj edilərək ərazidən daşınıb.
Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib.
Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.