Bakı-Sumqayıt yolunda hər gün səhər saat 07:30-dan 09:30-a qədər tıxaclar müşahidə olunur.
Day.Az saytı xəbər verir ki, yeni dərs ilinin başlaması ilə bu yolda yaranan sıxlıq daha da böyüyüb. Bu tıxacların səbəbini öyrənmək üçün saytın əməkdaşı Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zülfiyyə Əlizadə ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda son zamanlar daha çox sıxlığın müşahidə olunmasına səbəb yeni dərs ilinin başlanmasıdır. Ali məktəblərdə dərslər başlayıb və regionlardan paytaxda axın müşahidə olunur.
“Bu yolda yaranan sıxlığın digər səbəbi isə “Şamaxinka” dairəsi tərəfdə avtomobillərin düzgün park edilməməsidir. Nəqliyyatın intellektual idarəetməsi mərkəzi tərəfindən Bakıda sıxlığın azaldılması məqsədi ilə təkliflər hazırlanır. Hələ ki, bu təklifləri sadalaya bilmirəm, çünki həmin təkliflər hazırlıq mərhələsindədir”, – o əlavə edib. Milli.Az