Bakı-Sumqayıt yolunun təmirinə ehtiyac var idimi?

1797

Bakı-Sumqayıt yolunun təmirə ehtiyacı var idi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib. O gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən, hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qurumun lazım olmadığı halda sözügedən ərazidə təmir işləri aparması barədə səsləndirilən iddialara cavab verərəkən deyib.

A.Nəcəfli bildirib ki, sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii fatorların təsiri ilə artıq aşınmalar yaranmışdı:

“Təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun idi.

Bu kimi təmir işlərinin qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində, AAYDA tərəfindən özbaşına qəbul və icra edilmir. Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib, razılaşdırıldıqdan sonra aparılır”.

A.Nəcəfli təmirin yay aylarında aparılmasının da səbəblərini açıqlayıb:

“İnanın ki, indi həmin yolda çalışan işçilər də təmirin daha sərin aylarda aparılmasını istəyirlər. Amma bu işlər payız və ya yaz aylarında aparılsaydı, o zaman da deyəcəkdilər ki, bəyəm bunu gözləyib məktəblərin tətili zamanı etmək olmazdı?! Biz də bunu gözlədik. Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzər alındı ki, birdən kimsə istirahətə rayona gedər, maneəçilik yaşatmayaq.

Hazırda tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək olan hissədə qızğın iş gedir. Bu səbəbdən 20 Yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 Yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən, orda sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq”.

A.Nəcəfli bildirib ki, ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb: “Ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə bu yoxdur, yol boşdur. Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 – Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi – Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər.

Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaq, yarısı ilə hərəkət davam etdiriləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər