Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış Füzuli rayonundan olan Qarabağ müharibəsi əlili, şəhid və imkansız məcburi köçkün ailələri üçün bayram süfrəsi təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə çıxış edənlər bayram münasibətilə iştirakçıları təbrik etmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən, bu qəbildən olan insanlara dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, hazırda Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda Füzuli rayonundan olan 40 minə yaxın məcburi köçkün məskunlaşmışdır.
Çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Rayonun incəsənət ustalarının hazırladıqları konsert proqramı iştirakçılarda xoş ovqat yaratmışdır.
Bayram ərəfəsində İmişli, Beyləqan, Biləsuvar, Sabirabad rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərlə də görüşlər keçirilmişdir./AzərTAc/
Bakı və Sumqayıt şəhərlərinə məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlər üçün bayram süfrəsi açılıb
•
1178