“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatıb
Mayın 10-da start verilən “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ilk mərhələsi uğurla yekunlaşıb.
5 mərhələdən ibarət yarışın ilk mərhələsi “Sea Breeze” ərazisindən start götürərək 158,7 kilometr məsafəni əhatə edib. Velosipedçilər Bakı şəhərinin görməli məkanlarından keçərək finiş xəttinə Sumqayıt şəhərində çatıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub. “XDS Astana” klubunun velosipedçisi Qleb Siritsa ikinci, Belçikanın “Tarteletto–Isoreks” komandasının idmançısı Timoti Dyupon isə üçüncü yeri tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edərək idmançılara mükafatları təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.



Müzakirə qapadılmışdır.