APA-nın aksiyanı izləyən əməkdaşlarının verdiyi məlumata görə, aksiyanın keçirilməsi nəzərdə tutulan Nizami küçəsi, Fəvvarələr Meydanı, Əziz Əliyev küçəsi, Neftçilər prospektinin bir hissəsi polis nəzarətinə götürülüb.
Post-partul Xidmətinin və Çevik Polis Alayının əməkdaşları ərazidə xidmət aparıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov ərazidə olub. APA-nın əməkdaşları ərazidə gəzintiyə çıxan YAP icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlını da görüblər.
Bir neçə dəfə dəstələrlə Fəvvarələr meydanına daxil olmağa cəhd edən qruplar “Orduda əsgər ölümlərinə son” şüarını səsləndiriblər. Polis aksiya iştirakçılarına tədbirin şəhər meriyası ilə razılaşdırılmadığını xatırladaraq, qarşısının alınacağını bildirib və ərazini tərk etməklə bağlı xəbərdarlıq səsləndirib.
“Azadlıq” Radiosunun jurnalisti Xədicə İsmayıl “Polis xalqa zülm eləmə” şüarını bir neçə dəfə səsləndirib və polis onu saxlayıb. O, jurnalistlərin fərqləndirici geyimindən istifadə etməyib.
Aksiyaçılara qarşı su şirnağından və gözyaşardıcı qazdan istifadə edilib.
Aksiyada saxlanılanların sayının 50-dən çox olduğu bildirilsə də, polis bununla bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, bu gün orduda əsgər ölümlərinə etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya “facebook” sosial şəbəkəsində elan olunub. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.