Bakıda evdə yanğın zamanı azyaşlı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Yanğın zamanı azyaşlı dünyasını dəyişib, bundan başqa 5 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerində cəlb olunub və yanğın söndürülüb.
***
APA xəbər verir ki, Kürdəxanı qəsəbəsində baş verən yanğında əkiz bacılar – 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Hadisə zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.
TƏBİB-dən bildirilib ki, yanğın zamanı zərər çəkmiş şəxslər saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub. Vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.